BAKI, 3 fevral - Sputnik. Rusiya Federasiyası ABŞ qlobalizminə qarşı çıxan Qərbin qeyri-sistem müxalifəti nümayəndələrini dəstəkləməlidir.
Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
Siyasətçi özünün “Telegram” kanalında qeyd edib ki, Rusiyanın qeyri-sistemli müxalifətinə güclü dəstək verən ABŞ və Aİ-nin kifayət qədər öz müxalifətçiləri var. Medvedevin sözlərinə görə, Qərb müxalifətinin nümayəndələri seçkilərin nəticələrinə əsasən milli parlamentlərə və Avropa Parlamentinə daxil olmaq imkanına malikdirlər.
“Bizim vəzifəmiz Qərbdəki bu cür siyasətçiləri və onların partiyalarını hər cür dəstəkləmək, onlara seçkilərdə layiqli nəticələr əldə etmək üçün “apertum et secretum” (açıq və gizli - red.) kömək etməkdir”, – Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini yazıb.
Onun fikrincə, bu müxalifətçilərin hakimiyyətə gəlişi Qərbdə siyasi mənzərənin köklü şəkildə yaxşılaşmasına kömək edəcək. Medvedev qeyd edib ki, ABŞ və Avropada köhnə siyasi qüvvələrin nümayəndələri belə hadisələrin baş verməsindən qorxurlar.
“Onların qorxması heç də əbəs yerə deyil. Axı, hələ Lao Tszu deyib ki, “çevik və zəif olan sərt və güclüyə qalib gəlir”, - siyasətçi qeyd edib.
Bundan əvvəl Medvedev ABŞ-da “Texas Xalq Respublikası”nın və müharibənin yaranacağını proqnozlaşdırmışdı.