AZƏRBAYCAN XƏBƏRLƏRİ

Prezident "Dövlət ehtiyatları haqqında" Qanunu təsdiqləyib

Ələt azad iqtisadi zonasında dövlət ehtiyatlarının yaradılması və idarə edilməsi sahəsində münasibətlər "Ələt azad iqtisadi zonası haqqında" qanunun tələblərinə uyğun olaraq tənzimlənəcək.
Sputnik
BAKI, 2 fevral — Sputnik. Prezident İlham Əliyev "Dövlət ehtiyatları haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.
Qanun layihəsi 4 fəsil və 14 maddədən ibarətdir.
Bu qanun dövlət ehtiyatlarının yaradılması və idarə edilməsi sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək. Dövlət ehtiyatları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir.
Bu qanun dövlət ehtiyatlarının yaradılması və idarə edilməsi sahəsində fəaliyyəti həyata keçirən hüquqi və fiziki şəxslərə, habelə dövlət qurumlarına şamil ediləcək.
Ələt azad iqtisadi zonasında dövlət ehtiyatlarının yaradılması və idarə edilməsi sahəsində münasibətlər "Ələt azad iqtisadi zonası haqqında" qanunun tələblərinə uyğun olaraq tənzimlənəcək.
Sənəddə dövlət ehtiyatları sahəsində dövlətin 3 əsas vəzifəsi müəyyənləşdirilib:
- strateji əhəmiyyətli malların siyahısını, istehlak bazarının həmin mallarla təmin edilməsi vəziyyəti baxımından qiymətlərin kəskin artması və azalması risklərini müəyyən etmək;
- strateji ehtiyatların və Azərbaycanın mülki müdafiə tədbirləri çərçivəsində fövqəladə ehtiyatların tədarükünü eləcə də, təchizatçıların seçilməsini təmin etmək;
- strateji əhəmiyyətli malların (o cümlədən bazar iştirakçıları tərəfindən təmin edilən malların) monitorinqini aparmaq.
Dövlət ehtiyatlarının təyinatı aşağıdakılardır:
- strateji əhəmiyyətli mallarla təchizatın dayanıqlığının təmin edilməsi;
- strateji əhəmiyyətli mallar üzrə daxili bazarda qısamüddətli kəskin qiymət artmasının qarşısının alınması;
- fövqəladə, müdafiə və səfərbərlik ehtiyaclarının təmin edilməsi;
- humanitar yardımın təmin edilməsi.
Dövlət ehtiyatlarına yerləşdirilən malların saxlanılma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.