BAKI, 2 fevral — Sputnik. Belqorod vilayətində Rusiyanın İl-76 təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan əsirlərin cəsədlərinin təhvil verilməsi ilə bağlı Kremlə Kiyevdən heç bir müraciət daxil olmayıb. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov RİA Novosti-yə bildirib.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov bildirib ki, Kiyev Belqorod vilayətində Rusiyaya məxsus İl-76 təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan əsirlərin cəsədlərinin təhvil verilməsi xahişi ilə Rusiyaya müraciət edib.
Rusiya Prezidenti Vladimir Putin ukraynalı əsirləri daşıyan Rusiyanın İl-76 təyyarəsinin ABŞ-nin "Patriot" sistemi tərəfindən vurulduğunu, bunun artıq dəqiqləşdirildiyini açıqlamışdı.
Yanvarın 24-də Ukrayna Silahlı Qüvvələri Belqorod vilayəti ərazisi üzərində dəyişdirilmək məqsədilə ukraynalı əsirləri daşıyan Rusiyaya məxsus İl-76 hərbi-nəqliyyat təyyarəsini vurub. Təyyarədə 74 nəfər, o cümlədən Ukraynanın 65 əsir əsgəri olub və onların hamısı həlak olublar.
Rusiya Müdafiə Nazirliyi hadisəni terror hücumu adlandırıb və Kiyevin Kolotilovka keçid məntəqəsində baş verməli olan əsirlərin mübadiləsi üçün daşınmasından xəbəri olduğunu, lakin Moskvanı Ukrayna hərbçilərini məhv etməkdə ittiham etmək üçün təyyarəyə hücum etdiyini vurğulayıb.