AZƏRBAYCAN XƏBƏRLƏRİ

İş yerinin qarşısında avtomobili parklamaya görə güzəşt edilməlidir - Fəzail Ağamalı

Deputat bildirib ki, Azərbaycanda iş vaxtının 8 saat olmasını nəzərə alsaq, parkinqə görə saatı 1 manatdan ödənişi ay ərzində toplasaq, bu kifayət qədər böyük rəqəm edir.
Sputnik
BAKI, 1 fevral — Sputnik. İş yerinin qarşısında avtomobilini saxlayanlara parklamaya görə güzəşt edilsin.
Bunu deputat Fəzail Ağamalı Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
F.Ağamalı bildirib ki, Azərbaycanda iş vaxtının 8 saat olmasını nəzərə alsaq, parkinqə görə saatı 1 manatdan ödənişi ay ərzində toplasaq, bu kifayət qədər böyük rəqəm edir. Ona görə də parklama ilə bağlı bu kateqoriyadan olan insanlara güzəştlərin edilməsini təklif edirəm.
"Digər tərəfdən tələbələrə də bu formada güzəştlərin edilməsi lazımlıdır. Çünki həmin şəxslərin təhsil müəssisələrində olma vaxtını nəzərə alsaq, onlar üçün parklamaya görə ödənişlərin məbləği yüksəkdir" - o əlavə edib.
Xatırladaq ki, ötən il iyunun 25-də Nazirlər Kabineti "Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği"ni təsdiq edib. Təsdiq edilmiş sənədə görə, Bakının parklanma yerləri "Mərkəz", I, II, III və IV zonalar olmaqla 5 yerə bölünüb. Hər saat üçün "Mərkəz"də 1 manat, I zonada 0,70 manat, II zonada 0,40 manat və III zonada isə 0,30 manat ödəniş tələb olunur.
Sonuncu IV zonada isə parklanma ödənişsizdir. Bundan əlavə digər parklanma zonalarında həftə sonu və həftə içi 22:00-dan 07:00-dək avtomobillərin parklanması ödənişsizdir.