DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İrakli Qaribaşvili hakim "Gürcü arzusu" partiyasının sədri oldu - Yenilənib

Hökumət başçısı vəzifəsinə isə partiyanın əvvəlki sədri İrakli Kobaxidzenin namizədliyi irəli sürülüb.
Sputnik
BAKI, 1 fevral — Sputnik. Gürcüstanın keçmiş baş nazir İrakli Qaribaşvili hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının sədri olub. Qərar partiyanın Tbilisidə keçirilən növbədənkənar 8-ci qurultayında yekdilliklə qəbul edilib.
"Hakim Gürcü Arzusu Partiyasının sədri seçilmək mənim üçün böyük şərəf və məsuliyyətdir" - Qaribaşvili tribunadan deyib. O, çıxışının böyük hissəsini 2012-ci il seçkiləri öncəsi baş verənlərə, bir neçə başqa müxalifət partiyası ilə koalisiyada “Gürcü arzusu”nun qalib gəldiyinə və Gürcüstanın yeni hökumət dövründə necə inkişaf etdiyinə həsr edib.
Qaribaşvili Mixail Saakaşvili hakimiyyətinə qarşı mübarizə aparan partiyaları birləşdirməyə və 2012-ci il seçkilərində xalq əleyhinə olan rejim üzərində qələbəyə nail olan “Gürcü arzusu”nun banisi Bidzina İvanişviliyə xüsusi təşəkkürünü bildirib.
"2024-cü ilin oktyabrında bizim başqa seçimimiz yoxdur - müharibənin və xaosun qarşısını almaq üçün qalib gəlməliyik. "Gürcü arzusu" Gürcüstanın maraqlarını güdən yeganə milli siyasi qüvvədir. Seçim göz qabağındadır" - Qaribaşvili bildirib.
“Gürcü arzusu sülh, sabitlik və inkişaf deməkdir” - partiyanın yeni sədri əlavə edib.
Oktyabrın 26-da Gürcüstanda növbəti 4 il ərzində ölkəni kimin idarə edəcəyinə qərar verəcək parlament seçkiləri keçiriləcək.
İrakli Qaribaşvili yanvarın 29-da Gürcüstanın baş naziri postundan istefa verdiyini açıqlayıb. O, iki dəfə - 2013-2015-ci illərdə və 2021-2024-cü illərdə hökumətə rəhbərlik edib.
Hökumət başçısı vəzifəsinə isə partiyanın əvvəlki sədri İrakli Kobaxidzenin namizədliyi irəli sürülüb.
29.01.24, 17:20
Gürcüstanın Baş naziri istefa səbəblərini açıqladı
Gürcüstanın baş naziri İrakli Qaribaşvili tutduğu vəzifədən istefa verib. O, bu barədə hökumət administrasiyasında keçirilən xüsusi brifinqdə bildirib. Partiyadaxili demokratiyadan danışarkən o, “başqalarına da imkan verilməlidir” deyib.
Gələcəklə bağlı planlardan danışarkən o, siyasi şuranın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının sədri postunu tutmaq təklifini qəbul etdiyini qeyd edib.
"Komandada çoxlu uğurlu liderlər var və başqalarına da fürsət vermək lazımdır. Üstəlik, indi qarşımızda yeni çağırışlar var. Biz payızda yeni parlament seçəcəyik və "Gürcü Arzusu" daha yüksək məqsədlərə doğru irəliləmək üçün seçkilərdə inamlı qələbə qazanmağa hazırlaşmalıdır” – Qaribaşvili bildirib.
Eyni zamanda o vurğulayıb ki, hakimiyyətdəki kadr dəyişiklikləri daxili demokratiyadan xəbər verir:

“Siyasi komandamızın gücünü göstərən əsas amillərdən biri daxili demokratiyadır, bunun ən parlaq təzahürü rotasiya prinsipidir. Gizlətməyəcəyəm ki, biz siyasi şurada yaya qədər, seçki kampaniyası başlayanadək qalmaq imkanını müzakirə etdik, amma mən bu qərarı indi verməli oldum. Bu, növbəti Baş nazirin vaxtında öz komandasını təqdim etməsi və yeni hökuməti formalaşdırması üçün vacibdir. Yeni Baş nazirə uğurlar arzulayıram".

Qaribaşvili həmçinin əlavə edib:
“Ölkəmizin və xalqımızın mənafeyinin barışmaz müdafiəçisi olmuşam və bu müddət ərzində komandamla birlikdə əldə etdiyimiz nəticələrlə fəxr edirəm. Həyat yoldaşıma, övladlarıma, valideynlərimə dəstək olduqları üçün təşəkkür edirəm. İndi ümid edirəm ailəmlə daha çox vaxt keçirmək imkanım olacaq. Vətənimizə sülh, firavanlıq və birlik arzulayıram. Allah bizə kömək olsun".
***
Gürcüstanın baş naziri İrakli Qaribaşvili bu gün keçirdiyi xüsusi brifinqdə vəzifəsini tərk etmək qərarını açıqlayıb.
Qaribaşvili iki dəfə baş nazir olub: 2021-ci ildən 2024-cü ilə qədər və 2013-cü ildən 2015-ci ilə qədər. O, 2012-ci ildən ölkəyə rəhbərlik edən "Gürcü Arzusu" partiyasının yaradılması dövründə milyarder Bidzina İvanişvilinin sağ əli olub.
Qaribaşvili əvvəlcə Daxili İşlər Nazirliyinə rəhbərlik edib, sonra 2013-cü ildə İvanişvilini baş nazir kimi əvəzləyib və 2015-ci ilin sonuna qədər bu vəzifədə qalıb. Qaribaşvili 31 yaşında Gürcüstan tarixində ən gənc baş nazir olub.
Qeyd edək ki, yanvarın 26-da Ermənistanın Baş naziri Nikol Paşinyan Tbilisiyə səfər edib. O, gürcü həmkarı İrakli Qaribaşvili ilə danışıqlar aparıb. Daha sonra tərəflər Ermənistan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 13-cü iclasını keçiriblər. Danışıqlar nəticəsində Gürcüstanla Ermənistan arasında strateji əlaqələrin qurulacağı açıqlanıb.
Lakin səfər zamanı Nikol Paşinyanın gürcüstan prezidenti Salome Zurabişvili ilə görüşü təşkil edilməyib. Zurabişvili bu vəziyyətlə bağlı narazılığını ifadə edib.
Gürcüstan prezidenti Salome Zurabişvili öz facebook hesabında Tbilisidə işgüzar səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyanla görüşmək imkanı verilməməsindən təəssüfləndiyini bildirib.
“Gürcüstan Prezidenti Ermənistan Respublikasının baş nazirinin ölkəyə səfərini alqışlayır, lakin prezidentə Gürcüstana səfər edən dost ölkələrin liderləri ilə görüşmək və onlara lazımi qonaqpərvərlik göstərmək imkanı verilməməsindən təəssüflənir” - o, qeyd edib.
Gürcüstan prezidenti həmçinin ölkəyə yüksək səviyyəli səfərlər, görüşlər və ya planlaşdırılan tədbirlər barədə müvafiq idarənin ona məlumat verməməsindən də təəssüfləndiyini bildirib.