BAKI, 31 yanvar - Sputnik. Yanvarın 31-də ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə 2023-cü ildə ədliyyə orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan geniş kollegiya iclası keçirilib.
Ədliyyə Nazirliyi Mətbuat xidmətindən verilən məlumata görə, iclasda nazirliyin rəhbərliyi və məsul işçiləri, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin və regional ədliyyə qurumlarının rəhbər şəxsləri iştirak ediblər.
Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən nazir 2023-cü ilin xalqımız və dövlətimiz üçün uğurlu və əlamətdar il olduğunu, Ümummilli Liderin 100 illik yubileyi ilə əlaqədar elan edilmiş “Heydər Əliyev İli”ndə Ədliyyə Nazirliyi tərəfindən Ulu Öndərin xalqımızın milli sərvəti olan zəngin irsinə həsr olunan silsilə tədbirlərin keçirildiyini vurğulayıb.
Dahi liderin yolu ilə gedən müasir müstəqil Azərbaycanın son 20 ildə hərtərəfli davamlı tərəqqisindən, Böyük Qələbəmizlə azad edilmiş torpaqlarımızda aparılan geniş quruculuq işlərindən bəhs edib. Bildirib ki, 2023-cü il ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması ilə zəfər salnaməmizə qızıl hərflərlə əbədi həkk olunub. Bu gün üçrəngli bayrağımız Qarabağın hər yerində, qədim diyarımız Xankəndidə, Şuşada vüqarla dalğalanır. Həmvətənlərimiz öz doğma yurdlarına dönür, onların konstitusion hüquqları tam təmin olunur.
Nazir qarşıdan gələn növbədənkənar prezident seçkilərinə toxunaraq müstəqillik tariximizdə ilk dəfə seçkilərin ölkəmizin bütün ərazisində keçiriləcəyini, minlərlə seçicinin, öz torpaqlarına qayıdan vətəndaşlarımızın Qarabağ və Şərqi Zəngəzurda səs verəcəyini vurğulayıb.
İclasda ölkəmizin hərtərəfli tərəqqisinə uyğun olaraq ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı görülən tədbirlər ətraflı təhlil olunaraq məlumat verilib ki, vətəndaşların, xüsusilə şəhid ailələrinin, müharibə veteranlarının müraciətlərinə daim qayğı və həssaslıqla yanaşılaraq 19 mindən çox vətəndaş nazirlikdə, bölgələrdə, habelə virtual qaydada qəbul edilib, qaldırılan məsələlərlə bağlı zəruri tədbirlər görülüb.
2023-cü ildə iqtisadi inkişafa, əhalinin sosial rifahına xidmət edən Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, qanunların qəbul olunduğu vurğulanaraq nazirlik tərəfindən 5700-dək hüquqi akt layihəsinin hazırlandığı və ya ekspertizadan keçirildiyi, bu zaman sui-istifadəyə, hüquqi qeyri-müəyyənliyə yol verilməməsi, habelə insan hüquqlarının təminatı, digər qanunvericilik aktlarına və beynəlxalq hüquqi sənədlərə uyğunluğu məsələlərinə xüsusilə diqqət yetirildiyi bildirilib. Qeyd olunub ki, 3 mindən çox sənəd Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, milli qanunvericiliyin e-qanun.az vahid elektron resursundan bəhrələnənlərin sayı 50% artaraq 5 milyona çatıb.
Əhalinin hüquqi biliklərinin artırılması məqsədilə nazirlik tərəfindən səmərəli kommunikasiya strategiyası həyata keçirildiyi, ötən il 8500-ə yaxın hüquqi maarifləndirmə işi aparıldığı, media subyektləri və vətəndaş cəmiyyəti cəlb olunmaqla brifinq, ictimai təqdimat, “açıq qapı” günləri və media-turlar təşkil edildiyi bildirilib, vahid kommunikasiya siyasəti ilə bağlı yüksək göstəricilərə nail olunduğu qeyd edilib. Kollegiyada nazirliyin 2024-2026-cı illər üzrə hazırlanmış yeni Kommunikasiya Strategiyası müzakirə edilərək təsdiq olunub.
İclasda ölkəmizin iqtisadi tərəqqisi və mülki dövriyyənin artması nəticəsində 5.2 milyon notariat hərəkətinin, 290 min vətəndaşlıq vəziyyəti aktının rəsmiləşdirildiyi bildirilib. Nikahların sayı 54 mini, doğum halları 113 mini ötüb. Notariuslar tərəfindən aparılan əməliyyatlar nəticəsində, o cümlədən bununla bağlı tutulan vergi üzrə ümumilikdə 75 milyona yaxın vəsait dövlət büdcəsinə köçürülüb.
Nazirliyin əhaliyə təqdim etdiyi elektron və mobil xidmətlərin tətbiqi genişləndirilib, il ərzində e-xidmətlərdən ümumi istifadə sayı 3 milyona, “Mobil notariat” istifadəçilərinin sayı isə 2 dəfə artaraq 900 minə çatıb.
Eyni zamanda nazirliyin innovativ məhsulu olan “ƏNTEZ” (Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng) xidmət platformasının vətəndaşlara eyni vaxtda müxtəlif ədliyyə xidmətlərinin göstərilməsində əhəmiyyəti qeyd olunub. Bildirilib ki, ölkədə ilk dəfə dövlət xidmətləri sahəsində bu platformada süni intellektin tətbiqi insanın davranışını vizuallaşdıraraq xidmət üçün müraciət etmiş şəxslə ünsiyyət qurur və istəyinə uyğun sənədlərin hazırlanmasını və təqdim olunmasını təmin edir. “ƏNTEZ” Xidmətdə həmçinin, vətəndaşın şəxsiyyəti “Üz tanıma” sistemi əsasında avtomatlaşdırılmış qaydada eyniləşdirilir, xidmət üzrə sənədlər isə ani vaxt rejimində icra edilərək yerindəcə çap olunur. Artıq bu platforma “ASAN xidmət” və DOST mərkəzlərində, Heydər Əliyev Beynəlxalq Aeroportunda tətbiq edilir.
Kollegiyada məhkəmə qərarlarının icrası işinin səmərəliliyinin artırılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, “Elektron icra” informasiya sisteminin, özəl icra institutunun tətbiqi ilə bağlı görülən işlərdən danışılıb, həyata keçirilən təsirli tədbirlər nəticəsində 2023-cü ildə icrası təmin edilən işlərin sayının 10%-dən çox artaraq 570 minə yaxın sənədin icrasının təmin edildiyi, hüquqi və fiziki şəxslərə 1 milyard manata yaxın, o cümlədən aliment tələbləri üzrə 80 milyon manata qədər vəsaitin ödətdirildiyi qeyd olunub.
Azadlıqdan məhrumetməyə alternativ cəzaların icrası diqqətdə saxlanılaraq hazırda 5200-dən artıq məhkuma elektron nəzarət vasitəsi tətbiq edildiyi bildirilib, dövlətimizin humanist siyasətinin təzahürü olaraq ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə imzalanmış müstəqillik tariximizin ən böyük əfv aktı ilə 801 məhkumun azadlıqdan məhrum etmə və digər cəzalardan azad edildiyi vurğulanıb. Ədliyyə infrastrukturunun müasirləşdirilməsi, o cümlədən məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması ilə bağlı görülən tədbirlər qeyd olunub.
Kollegiyada yerli demokratiyanın inkişafında mühüm rol oynayan bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin olunması, onlara metodoloji yardımın göstərilməsi üzrə görülən tədbirlər qeyd edilib, nazirlik tərəfindən inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı hazırlanmış 2023-cü il üzrə İllik Məruzə müzakirə olunaraq Milli Məclisə təqdim olunması qərara alınıb.
Bundan əlavə, nazirliyin beynəlxalq hüquqi əməkdaşlığına toxunularaq ötən il hüquqi yardım, ekstradisiya və digər məsələlərlə bağlı 24 mindən artıq sorğunun icrasının təmin edildiyi, habelə ədliyyə sahəsində nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin həyata keçirildiyi və təcrübə mübadiləsinin aparıldığı, Azərbaycanın nailiyyətlərinə böyük maraq göstərən Belarus ədliyyə nazirinin birinci müavininin başçılıq etdiyi nümayəndə heyətinin hazırda ölkəmizdə səfərdə olduğu diqqətə çatdırılıb.
İclasda nazir müavinlərinin, baş idarə və idarə rəislərinin, Naxçıvan MR Ədliyyə Nazirliyinin və regional ədliyyə qurumlarının rəhbərlərinin çıxışları dinlənilib.
Görülmüş işlərlə yanaşı, qarşıda duran vəzifələr müzakirə edilib, insanlara qayğılı münasibət göstərilməsi, vətəndaş məmnunluğunun yüksəldilməsi, şəffaflığın artırılması, nizam-intizama, etik davranış qaydalarına dönmədən riayət olunması ilə bağlı və digər konkret tapşırıqlar verilib.
Ədliyyə fəaliyyətinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi, nazirliyin elektron informasiya sistemlərinin imkanlarından istifadə olunmaqla işin səmərəli qurulması, elektron monitorinqlərin təşkili, elektron sənəd dövriyyəsi sisteminə tam keçidin təmin edilməsi, Naxçıvan MR Ədliyyə Nazirliyinin və regional ədliyyə qurumlarının işinin səmərəliliyinin artırılması və onlara əməli köməkliyin gücləndirilməsi ilə bağlı və digər aidiyyəti tədbirlər müəyyən edilib.
Sonda bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.