SƏHİYYƏ

Hər oynaq ağrısı revmatoloji xəstəlik demək deyil - Mütəxəssis

Mütəxəssis bildirib ki, revmatik xəstəliklərin yaranmasında daha çox genetik meyllilik, stress, infeksiyalar, ətraf mühit, qidalanma, autoimmun amillər kimi multifaktorial səbəblər rol oynayır.
Sputnik
BAKI, 31 yanvar — Sputnik. "Revmatik xəstəliklər ilk növbədə əzələ-skelet sisteminə təsir edir. Lakin onlar bir çox daxili orqanların xəstəliklərinə də səbəb ola bilir. Xəstəliyin gedişatına və tipinə bağlı olaraq ağırlaşmalar meydana çıxa bilər".
Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında "Revmatik xəstəliklər" mövzusunda canlı yayımda nazirliyin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev açıqlayıb.
Onun sözlərinə görə, revmatoloji xəstəliklərin əsas əlaməti oynaq ağrıları olsa da, bu, qeydə alınmaya da bilər. Hər oynaq ağrısı revmatoloji xəstəlik demək deyil. Ümumiyyətlə, revmatizmanın simptomları fərqli ola bilər.
Mütəxəssis bildirib ki, revmatik xəstəliklərin yaranmasında daha çox genetik meyllilik, stress, infeksiyalar, ətraf mühit, qidalanma, autoimmun amillər kimi multifaktorial səbəblər rol oynayır: "Revmatik xəstəliklərdə ən çox müşahidə edilən autoimmun səbəblərdir. Bir çox xəstəliklərdə anti-cisimlərin aşkarlanması bunu deməyə əsas verir. Revmatik xəstəliklərin bəzi növlərində infeksiyaların da böyük rolu var. Xüsusən streptokok infeksiyasına yoluxan insanlarda xəstəliyin xroniki hala keçməsi nəticəsində revmatizm inkişaf edə bilər. Bir çox revmatik xəstəliklər genetik olaraq ötürülə bilər. Müəyyən genlərin mövcudluğu ilə xəstəliyə qarşı həssaslıq arta bilər. Tibbin inkişafına baxmayaraq, bəzi revmatloji xəsətliklərin yaranma səbəbi bəlli deyil".
Revmatoloji xəstəliklərin xüsusi yaş limiti olmadığını deyən mütəxəssis-ekspert, onun hər yaşda ortaya çıxa bildiyini və daha çox qadınların həmin xəstəliklərə qarşı meyilli olduğunu diqqətə çatdırıb.