BAKI, 31 yanvar — Sputnik. Ermənistan iqtisadiyyat nazirinin müavini Ani İspiryan və daha 6 nəfər korrupsiya ilə bağlı iki cinayət işi üzrə həbs edilib.
APA xəbər verir ki, bu barədə Ermənistan Respublikası İstintaq Komitəsi məlumat yayıb.
Komitə müəyyən edib ki, İqtisadiyyat Nazirliyinin vəzifəli şəxsləri qabaqcadan əlbir olaraq səlahiyyətlərindən sui-istifadə ediblər. Onlar “Dövlət investisiya proqramları üzrə bankın yaradılması” üzrə keçirilən tender zamanı iştirakçı səhmdar cəmiyyətlərdən birinin qalib gəlməsini təmin etmək məqsədi ilə digər iştirakçını müsabiqədən kənarlaşdırmaqla satınalma qanunlarını pozublar.
İstintaq Komitəsinin məlumatına görə, rəqibindən 3 dəfə çox, 392 milyon dram qiymət təklif edən şirkət qalib olub. Digər cinayət işi üzrə isə müəyyən edilib ki, İqtisadiyyat Nazirliyinin vəzifəli şəxsi proqram tələblərinə cavab verməyən sənədləri qəbul edərək, standartlara cavab verməyən işlərə dair hesabatlar təqdim etməklə benefisiarlara 238,5 milyon drama yaxın məbləğdə vəsaiti əsassız olaraq ödəyib.
İstintaq Komitəsi vətəndaşlara əsassız olaraq kompensasiya ödənildiyini dùbildirib. Bundan əvvəl həm nazirlikdə, həm də 15-dən çox ünvanda axtarışlar aparılıb.
***
Milli Təhlükəsizlik Xidməti Ermənistanın İqtisadiyyat Nazirliyində əməliyyat-istintaq tədbirləri həyata keçirir.
Bunu "Sputnik Armenia"ya iqtisadiyyat nazirinin mətbuat katibi Astxik Sarkisyan deyib.
Keçmiş nazir müavini Ani İspiryanın və Dövlət İnvestisiya Siyasəti Departamentinin rəhbəri Liliya Sirakanyanın ofisində axtarışların aparılması ilə bağlı məlumatlara gəlincə, Sarkisyan qeyd edib ki, istintaq tədbirləri ilə bağlı heç bir şərh vermir: "Biz korrupsiyaya qarşı mübarizəni son dərəcə vacib hesab edirik".
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın qərarı ilə Ani İspiryan nazir müavini vəzifəsindən azad edilib.