BAKI, 31 yanvar — Sputnik. ABŞ və Almaniya alyansın Vaşinqtonda keçirilən sammitində Ukraynanın NATO-ya dəvət edilməsinə qarşı çıxıblar. Onların fikrincə, bu prosesə başlamaq üçün hələ tezdir.
Bu barədə "Foreign Policy" diplomatik mənbələrə istinadən yazıb.
"NATO nümayəndələri, xüsusən də Vaşinqton və Berlində hesab edirlər ki, Ukraynanın alyansa qəbulu prosesinə başlamaq hələ tezdir" - nəşr yazıb və əlavə edib ki, siyasətçilər ölkədə davam edən münaqişə səbəbindən bu fikirdədirlər.
Eyni zamanda, Polşa və Baltikyanı ölkələr Ukraynanın üzvlük yolu ilə alyansın genişləndirilməsini "Rusiyanın Şərqi Avropadakı ambisiyalarını zəiflətmək üçün ən təsirli və ən ucuz yol" hesab edirlər.
Bundan əvvəl Kreml bildirib ki, Rusiya Ukraynanın NATO-ya daxil olmaması tələbindən əl çəkmir.