BAKI, 30 yanvar — Sputnik. Hazırda vətəndaşların "Whatsapp" hesablarının ələ keçirilməsi halı müşahidə olunur. Bu isə öz növbəsində təhlükəsizliklə bağlı tədbirlərin görülməsini zəruri edir.
Bu barədə Elektron Təhlükəsizlik Xidmətindən verilən məlumatda bildirilir.
"Qeyd olunanları nəzərə alaraq "Whatsapp" hesabınızın təhlükəsizliyi ilə bağlı paylaşımda qeyd olunan təlimatlara riayət etməyinizi, belə hallarla qarşılaşdıqda 1654 qaynar xətti əlaqə saxlamağınızı və ya reports@cert.az e-poçt ünvanına müraciətinizi ətraflı şəkildə (ad, soyad, əlaqə vasitəsi, müvafiq ekran görüntüsü və s. kimi məlumatları da daxil etməklə) qeyd etməyinizi xahiş edirik", məlumatda bildirilib.
Qeyd edək ki, bir neçə gün öncə Azərbaycanda "WhatsApp" profillərinə kütləvi şəkildə haker hücumu olub. Xüsusən, "WhatsApp+" istifadəçilərinə məxsus profillərin ələ keçirildiyi deyilir. Bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb. Bəzi vətəndaşlar bu gün səhər saatlarından etibarən mağazalarda bank kartları ilə ödəniş edə bilmədiklərini deyirlər.
Tanınmış texnobloger Fərid Pərdəşünas "WhatsApp+" istifadəçilərinə bu barədə xəbərdarlıq edib.
Bloger sosial media hesabında yazıb ki, hazırda saxta "WhatsApp+" istifadə edənlərin bank hesablarından pullar oğurlanır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.