BAKI, 30 yanvar — Sputnik. Azərbaycanda külli miqdarda narkotiklə həbs edilən meyxanaçı azadlığa buraxılıb. Sputnik Azərbaycan-ın APA-ya istinadən xəbərinə görə, "Mahir Ay Brat" ləqəbi ilə tanınan meyxanaçı Mahir Qonşuyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Hökmə əsasən, ona 1 il 8 ay azadlığın məhdudlaşdırılması cəzası təyin olunub və məhkəmə zalından azadlığa buraxılıb. O, elektron qolbaqla təmin olunacaq.
Qeyd edək ki, onun məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilirdi. Prokuror təqsirləndirilən Mahir Qonşuyevin 3 il azadlıqdan məhrum edilməsini istəmişdi. İttihama görə, meyxanaçı saxlanılarkən üzərində metamfetamin aşkar edilib. Həmçinin onun sosial şəbəkələrdə gənclər və yeniyetmələr arasında cinayətkarlığı təbliğ edən musiqili meyxanalar paylaşdığı müəyyən edilib. Mahir Qonşuyevə qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, meyxanaçı ötən ilin iyununda həbs edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.