SƏHİYYƏ

Azərbaycanda dərman preparatları daha da ucuzlaşacaq - Deputat

Müşfiq Məmmədli bildirib ki, reseptə ancaq dərman vasitəsinin kimyəvi adı yazılacaq ki, bu da anlaşmalı reseptlərin qarşısını alacaq.
Sputnik
BAKI, 29 yanvar — Sputnik. "Azərbaycanda dərman preparatlarının qiyməti 15-18 faiz ucuzlaşıb. Burada rəqabət mühitinin yaranması, həm də dərmanların maksimal qiymətlərinin müəyyən olunması, qiymətlərin aşağı düşməsinə zəmin yaradıb. Elektron reseptlərin tətbiqi isə dərman vasitələrinin qiymətinin bir qədər də aşağı düşməsinə səbəb olacaq".
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Müşfiq Məmmədli deyib. O, bildirib ki, elektron reseptlərdə dərmanların kimyəvi adının yazılması buna ciddi təsir göstərəcək. Deputatın sözlərinə görə, indiyədək həkimlər tərəfindən reseptlərə dərman preparatlarının adı yazılırdı. Artıq elektron reseptlərin tətbiqi ilə bu və ya başqa səbəbdən birtəfəli yanaşma aradan qalxacaq. Reseptə ancaq dərman vasitəsinin kimyəvi adı yazılacaq ki, bu da anlaşmalı reseptlərin qarşısını alacaq. Nəticədə dərman preparatlarının qiyməti bir qədər də ucuzlaşacaq.
Millət vəkili onu da qeyd edib ki, Pirallahı Sənaye Parkında dərman vasitələrinin istehsalı da qiymətlərin ucuzlaşmasına gətirib çıxaracaq. O, artıq ölkəmizdə dərman vasitələrinin istehsalına başlanıldığını söyləyib.
Əczaçı-mütəxəssis, provizor Elman Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dərman preparatlarının kimyəvi tərkibi ilə yazılması həkimlərlə dərman firmalarının iş birliyini kəsəcək. Nəticədə rəqabət mühiti formalaşacaq ki, bu da dərmanların qiymətinin ucuzlaşmasına təsir göstərəcək.
E.Hüseynov deyir ki, əvvəl aptekdə əczaçı məcbur idi ki, pasiyentə məhz həkimin adını yazdığı dərman preparatını satsın. Amma artıq elektron reseptin tətbiqi ilə dərman preparatlarının kimyəvi tərkibi ilə yazılması əczaçıya imkan verəcək ki, eyni tərkibdə olan bütün adda dərman preparatlarını müştəriyə təklif etsin. Beləcə, müştəri də qiymətə baxaraq eyni tərkibdə dərman vasitələrindən cibinə uyğun olanını ala biləcək.
Provizor onu da bildirib ki, indiyədək həkimlər reseptə qida əlavələri də yaza bilirdilərsə, elektron reseptin tətbiqi ilə bu aradan qalxıb. Bu da qida əlavələrinə tələbatı azaldacaq, nəticədə onların da qiymətlərində ucuzlaşma müşahidə olunacaq.
Qeyd edək ki, bu günlərdə Azərbaycanda elektron reseptin tətbiqinə başlanılıb. Rəqəmsal resept (Elektron resept) sistemi Azərbaycanda mövcud olan dövlət və özəl tibb müəssisələrində vətəndaşlara yazılan reseptlərin elektron şəkildə qeydiyyatı və idarə olunması funksiyasını daşıyır.
Xatırladaq ki, bundan əvvəl "Dərman vasitələri haqqında" qanuna dəyişikliklə Tarif Şurası dərman preparatlarının qiymətinin yuxarı həddi müəyyən edib. Əvvəl dərman preparatlarının Tarif Şurasının müəyyən etdiyi aşağı həddən ucuz qiymətə satmaq mümkün deyildisə, qanuna dəyişikliklə bu problem aradan qalxıb. Artıq idxalçı şirkətlərə dərmanları aşağı qiymətə sata bilməsinə imkan yaranıb.