TƏHLİL

ABŞ İrana zərbə endirəcəkmi? Getdikcə daha çox ölkə Yaxın Şərqdəki münaqişəyə cəlb olunur

ABŞ-ın İordaniyadakı hərbi bazasına hücum regionda hərbi qarşıdurmanın genişlənməsinə şərait yaradıb.
Sputnik
BAKI, 30 yanvar — Sputnik. İordaniyanın şimal-şərqində yerləşən ABŞ-ın "Tower 22" hərbi bazası pilotsuz uşuş aparatının (PUA, dron) hücuma məruz qalıb. Nəticədə 3 amerikalı əsgər həlak olub, 34 nəfər isə yaralanıb. Bu, İsraillə HƏMAS arasında müharibə başlayandan bəri Pentaqon hərbçilərinə qarşı ilk hücum olmasa da, son vaxtlara qədər amerikalıların belə itkiləri olmayıb.
Bu hadisənin ABŞ hakimiyyətinin qəzəbinə səbəb olacağı gözlənilir. ABŞ Prezident Co Bayden Vaşinqtonun bu hücuma cavab verəcəyini bildirib. O, hücumun arxasında Suriya və İraqda fəaliyyət göstərən İranın dəstəklədiyi yaraqlıların dayandığını söyləyib. ABŞ müdafiə naziri Lloyd Ostin bildirib ki, "cavab tədbirləri" "uyğun vaxtda və yerdə" veriləcək.
Eyni zamanda "Bloomberg" xatırladır ki, Baydenin bu məsələ ilə bağlı qərarı onun prezidentliyi dövründə ən vacib qərarlarından biri olacaq. O, bazaya hücumda günahkar olanları cəzalandırmaq və Tehranı cilovlamaq istəsə də, bunun İranla birbaşa qarşıdurmaya səbəb ola biləcəyini də unutmamalıdır.
Yaxın Şərqdəki real vəziyyət
Ötən il oktyabrın 7-dən etibarən regiondakı vəziyyət hər gün qızışır və getdikcə daha çox oyunçu bura cəlb olunur. Qarşıdurma başlayandan sonra ABŞ, İngiltərə və onların müttəfiqləri İsraili dəstəkləyən bəyanatlar veriblər. Daha sonra yəhudi dövlətinə hərbi yardım göstərilməsinə qərar verilib. Bu məqsədlə bölgəyə hərbi gəmilər göndərilib, onların arasında ABŞ-ın iki təyyarədaşıyan gəmisi xüsusi yer tutur.
HƏMAS-ı dəstəkləyənlər arasında "İslami cihad" və "Hizbullah" xüsusi qeyd edilib. Digər dövlətlər, o cümlədən Türkiyə, ərəb ölkələri və İran kəskin olsa da, yalnız siyasi bəyanatlarla kifayətləniblər. İraq və Suriyadakı bir neçə silahlı qruplaşma vaxtaşırı ABŞ-ın bu ölkələrdəki bazalarına PUA-larla hücumlar həyata keçirib, lakin amerikalılara ciddi zərər dəyməyib.
Yəmən husilərinin Qırmızı dənizdə İsraillə əlaqəli ticarət gəmilərinə hücumlarından sonra vəziyyət daha da dəyişib. Amerikalılar Ədən körfəzini patrul etmək üçün könüllü olan müttəfiq hərbi gəmilərdən ibarət koalisiya yaradıblar. Husilərin İsrail ərazisini və İsrail limanlarına gedən gəmiləri atəşə tutmaq cəhdlərinə cavab olaraq, ABŞ və İngiltərə hərbçiləri Yəmən ərazisinə hücum edərək vəziyyət daha da gərginləşib, çünki Yəmən üsyançıları geri çəkilmək niyyətində olmadıqlarını elan ediblər.
Qəzza zolağında vəziyyət
Hələlik regiondakı ümumi vəziyyəti təsvir etmək üçün son toxunuşu "İraqın İslam Müqaviməti" adlanan hərbiləşdirilmiş birliyinin məsuliyyəti üzərinə götürdüyü ABŞ hərbi bazasına hücum faktı adlandırmaq olar. Onun açıqlamasına görə, bu hücum "ABŞ-ın İraqdakı işğalçı qüvvələrinə müqavimət göstərmək" və Qəzza zolağında "İsrail tərəfindən kütləvi qətllərə" cavab vermək üçün atılan addımlardan biri olub.
Sabitləşmə adı altında sabitliyin pozulması
ABŞ-ın hərbi kontingenti İsrail və HƏMAS arasında müharibə başlamazdan çox əvvəl bu bölgədə olub. Bu hərbi epopeyadakı ən əhəmiyyətli dövrləri İraqa qarşı iki müharibə, Əfqanıstandakı hərbi missiya və təbii ki, ərəb ölkələrində bir sıra inqilabları hesab etmək olar. Bu hadisələr nəticəsində ABŞ hərbçiləri bu yaxınlarda rüsvayçılıqla tərk etdikləri Əfqanıstanda, İraq və Suriyada əsaslı şəkildə məskunlaşıblar.
Maraqlıdır ki, amerikalılar öz xalqlarının və rəhbərlərinin istəklərinə zidd olaraq bütün bu ölkələrə ordusunu yeridib və orda qalıblar. Əgər İraq və Əfqanıstanda müdaxilənin nəticəsi qanuni hökumətin devrilməsi idisə, Suriyada amerikalıların bu planlarını həyata keçirməsinin qarşısı Rusiya və İranın müdaxiləsi ilə alınıb.
Amerikalılar Bəşər Əsəd hökumətini devirə bilməsələr də, Suriyada bir neçə hərbi baza yarada biliblər. ABŞ hərbçiləri ölkənin neftlə zəngin bölgələrinə nəzarət edir, oradan çıxarılan "qara qızılı" mərkəzi hökumətin razılığı olmadan ixrac edir və bununla da onsuz da viran qalmış Suriyanı və onun vətəndaşlarını praktiki olaraq qarət edirlər. Lakin amerikalıların Suriyadakı sabitliyi pozan hərəkətləri bununla bitmir. Onlar öz bazalarında Türkiyəyə qarşı terror fəaliyyətləri həyata keçirən Kürdüstan Fəhlə Partiyası (PKK) yaraqlılarını silahlandırır və onlara təlim keçirlər. Amerikalıların oxşar fəaliyyət göstərdiyi İraq ərazisində də vəziyyət yaxşı deyil.
ABŞ-ın bölgədəki hərəkətləri təkcə işğal etdiyi ölkələrə deyil, həm də qonşu ölkələrə də ziyan vurur. Məsələn, amerikalıların sayəsində ABŞ-ın özünün də terror təşkilatı kimi tanıdığı PKK yaraqlıları təkcə atıcı silahlarla deyil, həm də kifayət qədər güclü artilleriya və tank əleyhinə qurğularla da silahlanıblar. Amerikalılar döyüşçülərin təlimini təşkil etdikdən sonra PKK ABŞ-ın NATO üzrə rəsmi müttəfiqi olan Türkiyədə bir neçə terror aktı həyata keçirib.
Suriya və İraqın dəfələrlə müraciətlərinə baxmayaraq, ABŞ hərbçiləri hələ də bu ölkələrdədirlər. Üstəlik, amerikalıların İordaniyadakı hərbi bazasına hücumla bağlı son hadisələrdən sonra ABŞ rəsmiləri İranı üzvləri hücuma görə məsuliyyət daşıyan təşkilata dəstək verməkdə günahlandırıblar. Bundan əvvəl Vaşinqton İranı "Hizbullah" və hətta husilərin hücumlarını təşkil etməkdə ittiham edib.
Qəzza zolağındakı Cəbəliyyə qaçqın düşərgəsi İsrailin hücumundan sonra
Bu nədir? Nəticəsi İrana zərbə ola biləcək faktların sadə ifadəsi, yoxsa Tehrana qarşı müdaxilənin hazırlanması? Hər halda İran ayıq olmalıdır. ABŞ-a gəlincə, Amerika məntiqinə görə, Vaşinqton tərəfindən dünyanın istənilən guşəsini müvafiq hərəkətlərlə ABŞ-ın maraqları zonası elan edə bilər.
Tehranın mövqeyi və hadisələrin mümkün inkişafı
Bu yaxınlarda İranın Pakistanın qonşu ərazisinə raket hücumu təşkil etdiyi məlum olub. Bəziləri qonşu nüvə dövlətinə hücumu dəlilik, digərləri isə anlaşılmazlıq adlandırıblar. Lakin müşahidəçilər bütün bunları təhlil etməmiş Pakistan İran ərazisindəki sərhədin demək olar ki, eyni hissəsinə adekvat zərbə ilə cavab verib.
Bir çoxları qonşular arasında mümkün genişmiqyaslı müharibənin ola biləcəyini düşünsələr də, tərəflər görüşüb razılığa gəlmək qərarına gəliblər. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İslamabada səfər edib və burada həmkarı ilə regiondakı vəziyyəti və ikitərəfli münasibətlərin inkişafını müzakirə edib. Bundan əlavə, o, İran Prezidenti İbrahim Rəisinin səfərin vaxtını açıqlamadan Pakistana səfər edəcəyini bildirib.
Qeyd etmək lazımdır ki, Tehran ABŞ liderlərinin təhdidlərindən narahat deyil və qorxmur. Ötən günlərdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Hərbi Dəniz Qüvvələri Fars körfəzində qaçaqmalçılıq yolu ilə yanacaq daşıyan tankeri ələ keçirib. İran İİKK-nin Hərbi Dəniz Qüvvələrinin komandanı general Heydər Mehrad bildirib ki, Okeaniya dövlətlərindən birinin bayrağı altında olan tanker yanacaq doldurduğu andan kəşfiyyat nəzarəti altında olub və dəniz əməliyyat zonasına daxil olduqdan sonra ələ keçirilib.
İranın Quru Qoşunlarının koordinasiya üzrə baş komandanının müavini, kontr-admiral Həbibullah Səyyari isə əminliklə qeyd edib ki, İran ordusu tam döyüş hazırlığındadır və "ölkənin ərazi bütövlüyünü, müstəqilliyini və onun quruluşunu qorumağa" hazırdır.
Tərəflərin bəyanatlarını nəzərə alsaq, ağlabatan sual yaranır: ABŞ Ukraynadakı münaqişədə və İsrailin HƏMAS-la müharibəsində iştirak etməsinə baxmayaraq, növbəti gərginlik mənbəyi yaratmaq riski ilə üzləşəcəkmi?
Digər tərəfdən, əgər Bayden administrasiyası susarsa, o zaman reytinqinin qalıqlarını itirmək riski daşıyır ki, bu da demokratların qarşıdan gələn seçkilərdə dönməz məğlubiyyəti anlamına gələ bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.