BAKI, 29 yanvar — Sputnik. Gözləmə otağında musiqinin rolu sadəcə səs fonu olmaqdan və səs-küydən daha çox əhəmiyyət kəsb edir: o, həqiqətən xəstələrin müalicə təcrübəsinə təsir edə bilər.
"Daily Mail" bu barədə xəbər verib.
Rəqəmsal sağlamlıq platforması olan "Tebra" musiqi seçimləri ilə bağlı sorğuda müəyyən edib ki, bir çox insanlar klassik musiqini ən rahatlaşdıran və sakitləşdirən janr hesab edirlər.
Tibbi vəziyyətlərdə sakitlik və rahatlıq hissləri ilə ən çox əlaqəli mahnıya gəldikdə, respondentlər "Journey" qrupunun "Don't Stop Believin" nahnısının adını çəkiblər.
Yeri gəlmişkən - metal, hip-hop, rep və gospel insanların gözləmə zalında ən az eşitmək istədikləri janrlar olub.
Tədqiqatçıların fikrincə, bu janrlar onsuz da stresli tibbi vəziyyəti pisləşdirə bilər.
Brunel Universiteti və London Kraliça Meri Universitetinin alimləri müəyyən ediblər ki, musiqi dinləyən xəstələr əməliyyatdan sonra daha az narahat olur və ağrıkəsici dərmanlara daha az ehtiyac duyurlar.
Əməliyyatdan əvvəl sevimli mahnılarını dinləyənlər arasında effekt çox da böyük olmasa da, əməliyyatdan sonra o, işə yarayıb və ən təəccüblüsü odur ki, musiqi yalnız əməliyyat zamanı səslənsə belə, bəzi insanlar əməliyyatdan sonra hələ də daha az ağrı yaşayıblar.
Bu onu deməyə əsas verir ki, onlar huşsuz olsalar da, orqanizmlərində nələrsə baş verirdi.
Bundan əvvəl dişlərin təcili çıxarılmasının nə vaxt lazım olduğu barədə söhbət açılmışdı.