AZƏRBAYCAN XƏBƏRLƏRİ

Ruben Vardanyanın şikayəti təmin edilmədi

Ruben Vardanyan barəsində həbs qətimkan tədbirinin müddəti Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə uzadılıb.
Sputnik
BAKI, 29 yanvar — Sputnik. Separatçı milyarder Ruben Vardanyanın apellyasiya şikayətinə baxılıb. Dövlət Təhlükəsizliyi Xidmətində Ruben Vardanyan barədə cinayət işinin istintaqı davam edir.
Məlum olduğu kimi, separatçı milyarder kimi tanınmış Ruben Vardanyan barəsində həbs qətimkan tədbirinin müddəti Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə uzadılıb. Həmin qərardan Ruben Vardanyanın müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilib.
Bakı Apellyasiya Məhkəməsində keçirilmiş proses nəticəsində məhkəmənin qərarı elan edilib. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib və R.Vardanyanın barəsində həbs müddətinin uzadılması barədə birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanılıb.
Hazırda digər separatçılarla birlikdə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq təcridxanasında saxlanılan Ruben Vardanyana Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, BBC bu yaxınlarda Ruben Vardanyanı ifşa edən geniş araşdırma materialı ilə çıxış etmişdi.
06.10.23, 14:00
Ruben Vardanyan saxlanma şəraitindən razılığını bildirib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi saxlama yerlərinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr keçirib.
Bu barədə Ombudsman Aparatından məlumat verilib.
Ombudsman tərəfindən beynəlxalq və milli hüquq normalarının tələbləri əsasında keçirilən növbəti başçəkmə çərçivəsində bir çox təqsirləndirilən şəxs, o cümlədən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılaraq həbs edilmiş Vardanyan Ruben Karlenoviç də qəbul edilib.
Oktyabrın 3-də keçirilmiş başçəkmə zamanı Vardanyan Ruben Karlenoviç Ombudsman tərəfindən fərdi qaydada dinlənilib, müraciətləri yerində cavablandırılıb. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada hüquqlarının təmin olunma vəziyyəti monitorinq edilib.
O, saxlanma şəraitindən razılığını bildirib, ilkin tibbi müayinədən də keçdiyini və səhhətində hər hansı bir problemi olmadığını qeyd edib. Ailə üzvü ilə telefon danışığı, sovqat qəbulu, kitabxanadan istifadə və informasiyaya çatım imkanları təmin olunub. Eyni zamanda, həbs edilmiş şəxsin istintaq dövründə hüquqlarının müdafiəsi ailəsinin seçdiyi vəkil tərəfindən həyata keçirilir.
Ombudsmanın işgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvlərinin, ixtisasca həkim və psixoloq ekspertlərinin iştirak etdiyi başçəkmə çərçivəsində qəbuldan sonra ona öz dilində qanunvericilik aktları, Ombudsmanın səlahiyyətləri və Çağrı Mərkəzinə birbaşa müraciət imkanı ilə bağlı məlumatlandırıcı nəşrlər də təqdim olunub.
Başçəkmə çərçivəsində müəssisədə saxlanma şəraiti – şəxsi gigiyena və sanitariya, tibbi xidmət, qidalanma məsələləri yerində araşdırılıb, saxlanılan şəxslərə münasibətdə də heç bir ayrı-seçkiliyə yol verilmədən hüquqlarının, informasiyaya çatım imkanlarının, lazımi tibbi-psixoloji xidmətin təmin olunduğu müəyyən edilib.