BAKI, 29 yanvar — Sputnik. "İrəvan sülh müqaviləsinin imzalanmasının gözləniləndən daha çox vaxt aparacağı təqdirdə, Bakını hücum etməmək haqqında pakt bağlamağa dəvət edib". Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Ermənistan rəsmilərinin sülh danışıqlarında reqressiya olduğunu bildirdiyi bir zamanda bu təklifin sülh prosesinə necə təsir edəcəyi və hansı zərurətdən ortaya çıxması maraq doğurur.
Mövzu ilə bağlı millət vəkili Arzu Nağıyev və hərbi ekspert Ramil Məmmədli Sputnik Azərbaycan-a fikirlərini bölüşüblər.
Millət vəkili Arzu Nağıyev hesab edir ki, bu təklif Ermənistan tərəfinin növbəti siyasi oyunudur:
"Əsas məsələ ondan ibarətdir ki, beynəlxalq platformalarda yalanlarını yaymağa davam edirlər. Onlardan biri də bu ölkənin Zəngəzur dəhlizinə yanaşması ilə bağlıdır. Ermənistan rəsmiləri israrla bildirirlər ki, Zəngəzur dəhlizi sülh müqaviləsi çərçivəsində razılaşdırılmasa, guya, Azərbaycan onun açılmasını hərbi yolla təmin edəcək. Bu baxımdan hücum etməmək paktı ilə bağlı bəyanat da bu prosesin tərkib hissəsi sayıla bilər. Əslində Ermənistan tərəfinin müxtəlif fantaziyalarını təklif kimi təqdim etməsi ilk dəfə baş vermir. Bundan əvvəl də onlar deyirdilər ki, gəlin qoşunları qarşılıqlı olaraq sərhəddən geri çəkək. Biz sual edirik ki, hansı sərhəddən? Axı sərhədləri müəyyən edilməyib, proses hələ davam edir".
Arzu Nağıyev
© Sputnik
Millət vəkili bildirir ki, Ermənistan tərəfinin bu cür təklifləri əlverişli imkan qazanmaq məqsədi daşıyır: "Onlar istəyir ki, qoşunların geri çəkilməsi ilə bölgədə təhlükəsizliyi qərbdən gəlmiş kəşfiyyatçılar müşahidə etsinlər".
"Ermənistanın təşəbbüsləri status-kvonun saxlanmasına xidmət edir" - deyən millət vəkili Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsindən sitatı yada salıb:
"Cənab prezident aydın şəkildə bəyan edib ki, "Azərbaycan Ermənistana hücum edəcək" fikrinin heç bir əsası yoxdur. Bu gün Ermənistan hakimiyyəti manipulyasiyalarla məşğuldur. Təbii ki, burada Ermənistan dövlətindən çox onun Qərbdən olan havadarlarının canfəşanlığı görünür. Qərb strukturlarında Azərbaycana qarşı qərəzli münasibət fonunda Ermənistan da cəsarətlənib və xam xəyallara düşüb. Amma mövcud Ermənistan hakimiyyəti özünü sülhprəvər göstərib, regionu plasdarma çevirmək siyasətindən qaçmalıdır. Azərbaycan hərbi müstəvidə Ermənistanla məsələni artıq başa çatdırıb. Bizim qarşımızda dinc quruculuq məsələləri dayanır. Sülhlə bağlı təkliflərimizi almış Ermənistan rəsmiləri bu barədə düşünsələr daha məqsədəuyğun olar".
Hərbi məsələlər üzrə ekspert Ramil Məmmədli isə hesab edir ki, rəsmi İrəvan bu müddəanı qabartmaqla Azərbaycanı dünya ictimaiyyəti qarşısında aqressor kimi təqdim etməyə çalışır:
"Təbii ki, burada əsas məqam rəsmi İrəvanın bölgədəki vəziyyətlə bağlı analizləridir. Ermənistan rəsmiləri və baş nazir Paşinyan çox yaxşı anlayır ki, bu gün Azərbaycanla nə iqtisadi, nə də hərbi sahədə imkanları bərabərdir. Azərbaycan bütün göstəricilər üzrə Ermənistanı qabaqlayır. Bu baxımdan, yaranmış istənilən gərginlikdə Azərbaycanın Ermənistana hücum etməməsinə dair qarantiya almaq istəyirlər.
Hərbi ekspertə görə, hücum etməmək paktından danışan Ermənistanın əsl niyyəti tamam fərqlidir:
"Əslində bununla qarşıdan gələn illərdə hərbi strukturlarını gücləndirib müəyyən gərginliyin formalaşması üçün addımlar atmaq istəyirlər. İlk baxışdan bu razılaşma məqbul görünə bilər. Amma Ermənistanın səmimiyyətsizliyi, bu ölkənin siyasətində özünü aydın göstərir. Verdikləri sözün üstündə durmayan Ermənistn rəsmilərinin belə bir təkliflə çıxış etməsi təbii olaraq bizdə sual yaradır".
"Düşünürəm ki, ümumi sülh müqaviləsində buna bənzər müddəa olacaq. Ancaq hesab etmirəm ki, Azərbaycan hər hansı bir öhdəlik götürəcək. Belə bir öhdəliyin götürülməsi lazım gələn anda məhdudiyyətlər formalaşdıra bilər. Bu cür sənədləri imzalanması yaxşıdır, ancaq işləkliyinin təmin olunacağına dair qarantiya yoxdur" - Ramil Məmmədli əlavə edib.