BAKI, 29 yanvar — Sputnik. Azərbaycanda xaricdən gətirilən bir sıra ərzaqlar yerli istehsal olan ərzaqlar ilə əvəz olunacaq. Bununla bağlı qida istehsalçılarına vergi güzəştləri ediləcək.
Vergi Məcəlləsinə əsasən, idxal mallarını yerli istehsal malları ilə əvəz edəcək qida məhsullarının istehsalını həyata keçirən hüquqi və fiziki şəxslərin 7 il müddətinə əldə etdikləri gəlirin 50 faizi vergidən azad edilib. Onlar həmçinin həmin fəaliyyət prosesində istifadə edilən əmlaka görə əmlak vergisini, torpaqlara görə torpaq vergisini ödəməkdən azaddırlar.
Bu ilin yanvar ayında Nazirlər Kabineti idxal mallarını yerli istehsal malları ilə əvəz edəcək qida məhsullarının siyahısını təsdiq edib.
Bəs, bu addım yerli istehsalın genişlənməsinə necə təsir göstərəcək? Daxili bazarda ərzaqların qiyməti ucuzlaşa bilərmi?
Ekspertlər nə düşünürlər?
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli Sputnik Azərbaycan-a deyib ki, vergi güzəştindən istifadə dünya təcrübəsində geniş yayılıb və öz səmərəsini verir: "Azərbaycanda da bu sahədə vergi güzəştlərin tətbiqi effekt verəcək. Gələcəkdə idxal mallarını yerli istehsal malları ilə əvəz edəcək qida məhsullarının siyahısı daha da genişlənə bilər".
Yerli istehsalın artması inflyasiyanın qarşısını ala bilər
O bildirib ki, yerli istehsalın genişlənməsi yeni iş yerlərinin açılmasına, məşğulluğun artmasına, digər tərəfdən daxili bazarda ərzaqların qiymətinin ucuzlaşmasına gətirib çıxardacaq: "Azərbaycanda əsasən idxal inflyasiyasıdır. Yəni dünyada qiymət qalxdıqca bizdə də qiymət artıb. Yerli istehsalın artması inflyasiyanın qarşısını ala bilər. Uzun müddətli dövrdə bunun bəhrəsini daha çox görəcəyik. Biz idxal edilən bütün qida məhsullarını yerli istehsal ilə əvəz edə bilmərik. Lakin bir sıra ərzaqları özümüz istehsal edə bilərik".
Vergi güzəştləri istehsalçılara dəstək verəcək, amma...
İqtisadçı-ekspert Xalid Kərimli isə Sputnik Azərbaycan-a açıqlamasında, yerli istehsalın artması nəticəsində ərzaqların ciddi şəkildə ucuzlaşacağını gözləmir: "Düzdür, vergi güzəştləri qida istehsalçılarının maliyyə imkanlarını yaxşılaşdıracaq, onlara dəstək verəcək, amma bu, xərclərin əhəmiyyətli azalması demək deyil. Yerli istehsalın olması hələ qiymətlərin ucuzlaşması demək deyil. Məsələn, heyvandarlıqda yerli istehsal var, lakin ətin qiyməti ucuzdurmu? Digər tərəfdən, avadanlıqlar xaricdən gətirilir. Qiymət ucuz olanda sahibkar istehsalı genişləndirməkdə çox da maraqlı olmur. Həmin sahibkarın dünya bazarlarına çıxmaq imkanları da olmalıdır ki, istehsalını böyütsün".
"İstənilən halda bu addım müsbətdir, amma qiymətlərə ciddi təsir edəcəyini gözləmirəm", ekspert əlavə edib.
Siyahıda hansı qida məhsulları var?
Qeyd edək ki, Nazirlər Kabinetinin bu ilin yanvarın 15-də təsdiq etdiyi "İdxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının siyahısı"na süfrə zeytunu, suxarı və peçenyelər, konservləşdirilmiş təzə pirojnalar, makaron, əriştə, kuskus və oxşar un məmulatları, kakao, şokolad, şəkərli şirniyyat məmulatları daxildir.
Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, bu siyahı qida məhsullarının xammalından istifadə edərək həmin xammal üzərində istehsal əməliyyatlarını aparmaqla istehsalı (emalı) həyata keçirən vergi ödəyicilərinə şamil olunur.
Həmçinin xammal və ya hazır məhsulların hər hansı istehsal (emal) əməliyyatlarına məruz qoymadan bükülməsi, qablaşdırması və ya etiketlənməsi vergitutma məqsədləri üçün istehsal hesab edilmir.