BAKI, 29 yanvar — Sputnik. Alyansın irimiqyaslı döyüşlər apara bilmədiyi üçün NATO Ukrayna naminə Rusiya ilə tam hüquqlu münaqişəyə başlaya bilməyəcək.
Bu barədə Rusiya mediası sabiq amerikalı kəşfiyyatçı Skott Ritterin "Youtube" kanalında söylədiyinə istinadən xəbər verib.
"NATO-nun birbaşa müdaxilə etmək imkanı yoxdur. Biz indi bunun tamamilə müflis təşkilat olduğunu görürük. NATO bir-iki həftədən artıq genişmiqyaslı quru döyüşləri apara bilməz" - ekspert bildirib.
Ritter əlavə edib ki, Rusiya hərbi-sənaye kompleksi NATO-nun istehsal imkanlarını xeyli üstələyir, xüsusi hərbi əməliyyat (XHƏ) zamanı möhkəmlənən Rusiya ordusu isə dünyanın ən güclü ordusudur.
Onun sözlərinə görə, Şimali Atlantika Alyansı ölkələrinin orduları acınacaqlı vəziyyətdədir: ABŞ briqadası Rusiya Silahlı Qüvvələrinə (RSQ) müqavimət göstərə bilməyəcək, fransızlar və almanlar isə ümumiyyətlə heç döyüşə də bilmirlər.
Pentaqon rəhbərinin sabiq müşaviri, polkovnik Duqlas Makqreqor bu yaxınlarda qeyd edib ki, NATO ilkin olaraq müdafiə alyansı kimi yaradılıb və Rusiya ordusu ilə birbaşa toqquşmada sağ qala bilməz.