SƏHİYYƏ

Qızılca və Hepatit A virusuna yoluxma ilə müraciət edənlərlərin sayı artmayıb - GEM

Qızılca xəstəliyinə qarşı həm planlı, həm də peyvənddən kənarda qalan uşaqlar arasında peyvənd işinə nəzarət gücləndirilib, böyük əhali arasında da peyvəndləmə işləri davam etdirilir.
Sputnik
BAKI, 29 yanvar — Sputnik. Hazırda Azərbaycanda qızılca və Hepatit A virusu üzrə epidemioloji vəziyyət stabildir.
Bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, müraciət sayında artım qeydə alınmır:
“Hazırda ölkə ərazisində qızılca və Hepatit A xəstəliyinə qarşı əks-epidemik tədbirlərin aparılması davam etdirilir. Qızılca xəstəliyinə qarşı həm planlı, həm də peyvənddən kənarda qalan uşaqlar arasında peyvənd işinə nəzarət gücləndirilib, böyük əhali arasında da peyvəndləmə işləri davam etdirilir”.
18.01.24, 19:54
Azərbaycanda qızılcaya yoluxanların rəsmi statistikası
Ötən il qeydə alınmış xəstəliklər arasında endokrin sistemin xəstəlikləri, sinir sistemi xəstəlikləri, həzm orqanlarının, qan dövranı sisteminin xəstəlikləri, sidik-cinsiyyət sisteminin xəstəlikləri, göz və gözün əlavə aparatının xəstəlikləri, eləcə də qan, qanyaradıcı orqanların xəstəlikləri üstünlük təşkil edib.
Sputnik Azərbaycan-ın xəbərinə bu barədə Modern.az saytının Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilib. Qeyd olunub ki, uşaqlar yoluxucu xəstəliklərin profilaktikası və qarşısının alınması məqsədilə 11 xəstəliyə qarşı müasir vaksinlərlə peyvənd ediliblər.
Bunun nəticəsi olaraq ayrı-ayrı yoluxucu xəstəliklərin azalmasına, bəzilərinin isə tam ləğv olunmasına nail olunub.
Belə ki, 2023-cü ilin yanvar-noyabr aylarında 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədə qarayara ilə (39,1 faiz), ağciyər vərəmi ilə (4,2 faiz), törədicisi müəyyən olmayan kəskin bağırsaq infeksiyaları ilə (0,8 faiz), sifilis ilə (0,4 faiz) xəstələnmə halları azalıb. Göyöskürək və malyariya xəstəlikləri, kəskin poliomielit, epidemik parotit, tulyaremiya, anadangəlmə məxmərək sindromu, difteriya, yenidoğulmuşlarda tetanus isə ümumiyyətlə qeydə alınmayıb.
Bununla yanaşı, Azərbaycanda son illər yoluxucu xəstəliklərə qarşı aparılan profilaktik tədbirlər nəticəsində qızılca xəstəliyi üzrə sabit epidemioloji vəziyyət müşahidə olunsa da, 2023-cü ilin aprel ayından başlayaraq əhali arasında bu xəstəliyin sporadik yayılma halları qeydə alınıb.
Rəsmi məlumatda qeyd edilib ki, yoluxma əsasən uşaqlar arasında müşahidə olunub. Əgər 2022-ci ildə ölkə ərazisində 1 nəfərdə qızılcaya yoluxma halı qeydə alınmışdısa, 2023-cü ilin yanvar-noyabr aylarında 1493 nəfər bu xəstəliyə yoluxub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.