BAKI, 29 yanvar — Sputnik. Budapeşt Ukraynaya yardım üçün vəsaitin ayrılması mövzusunda Avropa İttifaqının (Aİ) "şantajına" boyun əyməyəcək.
Bunu Macarıstanın Aİ işləri üzrə naziri Yanoş Boka öz sosial şəbəkələrində yazıb.
"Financial Times" qəzeti bu yaxınlarda yazıb ki, Avropa İttifaqı Budapeştin Ukraynaya yardımla bağlı razılaşmadan imtina etdiyi üçün Macarıstan iqtisadiyyatını sarsıtmaq istəyir. Jurnalistlərin verdiyi məlumata görə, Brüssel macar forintinin məzənnəsini ləğv etmək niyyətindədir və Baş nazir Viktor Orbanın güzəştə getməyəcəyi təqdirdə Macarıstanı maliyyələşdirməyi tamamilə dayandırmağa hazırdır.
"Macarıstan şantajlara boyun əyməyəcək! Bu məlumat Macarıstan hökumətinin uzun müddətdir bəyan etdiklərini təsdiqləyir: Brüssel siyasi təzyiq göstərmək üçün Aİ fondlarına girişdən istifadə edir" – nazir qeyd edib.
Boka əlavə edib ki, Macarıstan Aİ büdcəsindən Ukraynaya vəsait ayrılması mövzusunda konstruktiv müzakirəni davam etdirməyə hazırdır, lakin şantajlara boyun əyməyəcək.
"Politico" nəşri qeyd edib ki, Macarıstan Aİ-nin qanunun aliliyi ilə bağlı tələblərinə əməl etmədiyinə görə səsvermə hüququndan tamamilə məhrum edilə bilər, lakin bir sıra Avropa ölkələri Brüsselin bu addımından ehtiyat edirlər.