"Əcnəbi seyrə balonlarla çıxır" və ya internetin qiyməti niyə 4 dəfə artıb?
Osman Gündüz bildirir ki, "Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" MMC provayderlər üçün bu xidmət haqlarını bir neçə dəfə heç bir əsas olmadan bahalaşdırıb.
SputnikBAKI, 28 yanvar — Sputnik. "Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" MMC internet tariflərini qanunsuz olaraq 4 dəfə bahalaşdırdıqları ilə bağlı iddialara cavab verib. Sputnik Azərbaycan-ın sorğusuna "Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" MMC -dən bildirilib ki, hər iki qurum bu iddialarla razılaşmır.
Dövlət qurumları qərarla razılaşmır
"Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin "Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" MMC barəsində qəbul etdiyi 24.06.2023-cü il tarixli qərarın qanunvericiliyə uyğun olmadığı qənaətindəyik. Bu məsələ 21.07.2023-cü il tarixində məhkəmə qaydasında mübahisələndirilib. Bununla əlaqədar yekun qərarın məhkəmə tərəfindən veriləcəyini diqqətə çatdırırıq" - cavabda bildirilib.
"Söndür-yandır düzələcək"
Vətəndaşlar da internet qiymətlərinin son vaxtlar bahalaşdığından şikayətlənirlər. Paytaxt sakinləri deyir ki, əvvəl 10 Mbit/s internetə aylıq 10 manat ödəniş edirdilərsə, hazırda eyni sürətdə internet üçün 18 manat ödəyirlər.
Masazır qəsəbə sakini Təzəgül Quliyeva Sputnik Azərbaycan-a bildirib ki, əvvəl internetə görə 10 manat ödəniş edirdilər. İnternetin tez-tez kəsildiyi barədə "Baktelekom"a dəfələrlə şikayət etsələr də problem öz həllini tapmayıb. Abonent deyir ki, ona görə də "Baktelekom"dan ona aylıq 13 manatlıq internet tarifinə keçmək məsləhət görülüb. Bir müddət bu tariflə ödəniş etsələr də yenə internetin sürəti zəif olub:
"Hər dəfə zəng edəndə ki, internet zəifdir, deyirdilər ki, "söndür-yandır düzələcək". Modemi söndürüb-yandırmaqdan yorulmuşduq. ATS-dən məsləhət gördülər ki, yeni çəkdikləri internet xəttinə qoşulaq. Onun isə aylıq tarifi 18 manatdır. Telefonun aylıq abunə haqqı ilə birgə hər ay 21 manat ödəyirik".
AİBNDX-nin qərarı ədalətlidir!
"Azərbaycan internet Formu"nun prezidenti Osman Gündüz Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (AİBNDX) qərarı ədalətlidir.
"Ötən il 8-10 internet provayder "Aztelekom"dan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinə şikayət edib. "Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" ("Baktelecom") MMC provayderlərin istifadə etdiyi rabitə xidmətlərinin qiymətini özbaşına bir neçə dəfə artırıb. Provayderlər internet xidməti göstərmək üçün yeraltı kabel-kommunikasiya sistemindən istifadə edilər. Həmçinin ATS-lərdə, rabitə qovşaqlarında olan resurslardan yararlanırlar. Öz avadanlıqlarını rabitə qovşaqlarına qoyaraq icarə haqqı verirlər. Bunların hamısının tarifləri var. "Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" ("Baktelecom") MMC provayderlər üçün bu xidmət haqlarını bir neçə dəfə, heç bir əsas olmadan bahalaşdırıb. Bu, "Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" ("Baktelecom") MMC tərəfindən doğru addım deyil. Çünki, "Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" ("Baktelecom") MMC təbii inhisar subyektidir. Ona görə də bu dövlət qurumları özbaşına tarifləri artıra bilməz" - deyə Osman Gündüz bildirib.
Provayderlər də internet qiymətini bahalaşdırır
O.Gündüz həmçinin deyir ki, provayderlərin xərci artdıqca onlar da bu xərci interneti bahalaşdıraraq abonentlərdən çıxırlar:
"Provayder də məcburdur ki, vətəndaşa satdığı internetin qiymətini artırsın ki, xərclərini çıxarsın. Çünki provayder biznes qurumudur. Amma "Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" ("Baktelecom") MMC dövlət qurumudur. Bunu bilməli idi ki, onlar qiyməti bahalaşdıranda provayderlər də internetin qiymətini artıracaqlar. Hazırda bununla bağlı məhkəmə prosesi gedir. Düşünürəm ki, "Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" ("Baktelecom") MMC qiymətlərə yenidən baxmalıdır".
Ekspert bildirir ki, "Aztelekom" regionlarda əhaliyə təklif edtdiyi internet sürətinin seçim imkanlarını da məhdudlaşdırıb:
"GPON layihəsi başlayanda elan olunmuşdu ki, istifadəçilərə 15 Mbit/s və 30 Mbit/s internet sürətlər təqdim ediləcək. İndi isə məlum olur ki, ucdantutma hamıya, ehtiyaci olana da, olmayana da, il ərzində cəmi 5-10 gün evdə olub internet istifadə edənə də məcburən 30 Mbit/s üçün müqavilə bağlamaq təklif olunur. Maraqlıdır ki, hətta özəl provayderlər belə seçim imkanı yaradırlar. Bəzi hallarda isə onların qiymətləri dövlət operatorlardan da ucuz olur. Düşünürəm ki, dövlət operatorları üçün bu addımlar, seçim imkanının verilməməsi yolverilməzdir. Həm də anlamıram ki, dövlət operatorları əvvəlki qərarları tənzimləyici Agentliyə bildirmədən, RİNN-ə bildirmədən necə asanlıqla ləğv edə bilirlər? Ümid edirəm Nazirlik, İKTA dövlət operatorlarının bu tip addımlarının qarşısını zamanında alacaq. Əks halda məsələ məhkəmə predemetinə çevriləcək".
İki ildir davam edən məhkəmə çəkişməsi
Qeyd edək ki, ötən il İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin "Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" ("Baktelecom") MMC barəsində antiinhisar qanunvericiliyinin pozulmasının əlamətləri üzrə işlə bağlı mübahisələr hələ həllini tapmayıb. Bu barədə açıqlamasında Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib.
Qurum rəhbəri bildirib ki, buna səbəb Dövlət Xidmətinin verdiyi qərarla bağlı qarşı tərəfin şikayətinin olmasıdır:
"Ona görə də hazırda məhkəmə prosesi davam edir. Yalnız məhkəmənin son qərarı əsasında bu məsələ həllini tapacaq. Dövlət Xidmətinin verdiyi qərar ədalətlidir. Təbii inhisar subyektinin dövlətin tənzimlədiyi qiyməti Tarif Şurasından razılıq almadan hansısa istiqamətdə dəyişdirməsi qanunsuz hal hesab edilir. Bizim qərarımızın da mahiyyətində bu məsələ dayanır. Hazırda bu məsələ ilə bağlı mübahisələr gedir".
M.Abbasbəyli həmçinin vurğulayıb ki, "Aztelekom" və "Baktelecom" bir neçə xidmətlər üzrə tarifləri qanunsuz olaraq artırıb:
"Ən yüksək artım internet xidmətləri üzrə tətbiq edilən tariflərlə bağlı olub. Cəmiyyətlərin tətbiq etdiyi qiymətlər dövlətin müəyyənləşdirdiyi həddən 4 dəfə çox olub. Belə hallar sözügedən sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə maneədir".
Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev isə qeyd edib ki, həmin tariflər istehlakçılara göstərilən xidmətlərə görə olan tariflər deyil:
"Onlar "Aztelekom"un yerli bazarda fəaliyyət göstərən rəqiblərinə, yəni digər şirkətlərə tətbiq etdiyi tariflər idi. İstehlakçı bu tarifləri görmür".
Xatırladaq ki, 2023-ci ildə Dövlət Xidməti "Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" MMC barəsində antiinhisar qanunvericiliyinin pozulmasının əlamətləri üzrə və tariflərin qanunsuz olaraq artırılması barədə iş qaldırıb. Qaldırılmış işə dair qərar qəbul edib. Qərara əsasən, cəmiyyətlərin hərbirinə 16 500 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.