BAKI, 28 yanvar — Sputnik. Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov hazırda əhali arasında yayılmış xəstəliklə bağlı Sputnik Azərbaycan-ın sorğusunu cavablandırıb. O, bildirib ki, hazırda ölkədə koronavirusun yeni ştamının yayılması haqqında heç bir rəsmi məlumat yoxdur.
"Qış fəslində hər il olduğu kimi mövsumi qrip və digər reppirator virus infeksiyaları yayılıb. Bu virusların törətdiyi xəstəliklər hərarətin yüksəlməsi ilə yanaşı digər oxşar əlamətlərlə təzahür etdiyindən yalnız müvafiq laborator müayinələr səbəb olan törədicini təsdiqləyə bilər. Şübhəli hallarda burun-udlaqdan yaxmanın götürülməsi və tədqiq edilməsi məqsədəuyğundur" - baş infeksionist bildirib.
Əhali yayılan xəstəliklə bağlı narahatdır
Bakı sakini, aparıcı Əfruz Ağayeva isə Sputnik Azərbaycan-a ailəliklə tutulduqları naməlum xəstəlik barədə danışıb:
"İki həftə idi ki, ailəlikcə xəstə idik. Yüksək hərarət, halsızlıq, öskürək, sümük ağrıları bizi əldən salmışdı. Nəfəs almaqda çətinlik çəkirdik, öskürəndə boğulurduq. Ona görə də, inqalyasiya aparatından istifadə edirdik. İki yaşlı övladımda yüksək hərarət dörd gündən çox davam etdi. Bir həftəyə yaxın demək olar ki, yemək yemədi. İki həftədə ailəmizə müalicə üçün 700 manatdan çox xərc çəkdik".
Gənc ana olan Əfruz Ağayevanın sözlərinə görə, xəstəxanalar eyni şikayətlərlə müraciət edən xəstələrlə doludur:
"Xəstəxanada bu şikayətlərlə çox sayda xəstə var. Həkimlər bizə bildirdilər ki, bu yeni yayılmış, koronavirusun yeni "X" adlı ştammıdır. Xəstələr hamısı eyni şikayətlərlə müraciət edirlər. Öskürəndə az qalırdıq boğulaq. Ona görə də həkimin məsləhəti ilə inqalyasiya aparatı aldıq. İki həftə vena daxilinə iynələr vurdurduq. Buna 700 manatdan çox xərcimiz çıxdı. İki yaşlı övladımda da eyni əlamətlər oldu. Buna görə bir neçə gün xəstəxanaya aparıb-gətirməli olduq. Xəsətələr hamısı deyirdi ki, bu xəstəlik koronavirus kimi ağır keçir. Öskürəndə boğulma verməsi eynilə koronavirusun əlamətlərinə bənzəyir. Amma deyərdim ki,bu hansı ştamdırsa koronavirusun ilk yayılan ştamlarından daha təhlükəlidir. Çünki, hansı xəstəxanaya gedirdiksə, ağzına qədər xəstə ilə dolu idi".
Təhsil müəssisələri qapansınmı?
Bu günlərdə sosial şəbəkələrdə daha bir müğənni Elm və təhsil naziri Emin Əmrullayevaya müraciət videosu yayıb. Müğənni Günel Ələkbərova sosial şəbəkə hesabında nazirə müraciət edərək qızılca və qrip xəstəliyinin uşaqlar arasında tüğyan etdiyini, övladını məktəbə göndərməyə ehtiyat etdiyini bildirib. Müğənni təklif edib ki, xəstəliklər səngiyənədək dərslər onlayn keçirilsin. Çünki, uşaqlar arasında qızılca, qrip, sarılıq və göy öskürək kimi xəstəliklər geniş yayılıb.
Sosial şəbəkələrdə yazılan rəylərdən də görünür ki, əhali arasında yeni yayılmış xəstəliklə bağlı narahatlıq var. Hər kəs yeni yayılmış xəstəliyin ağır keçdiyindən, boğulma, öskürək, yüksək hərarətlə müşahidə olunduğunu bildirir.
Dərman
© AFP 2024 / MICHELE SPATARI
RSV-nin təhlükələri
Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq Xəstəlikləri kafedrasının müdiri Nəsib Quliyev Sputnik Azərbaycan-a bildirib ki, yeni yayılmış xəstəlik qrip infeksiyasıdır. Kafedra müdirinin sözlərinə görə, qrip infeksiyalarının elə formaları var ki, boğulmaya səbəb olur.
"Qripin elə növləri var ki, boğulma ilə müşayiət olunur. Bu respirator sinsitial viruslar (RSV) adlanır. Xəstəlik adətən kəskin respirator virus infeksiyasına xas olan simptomlarla başlayır, burun axıntısı, burun tutulması, hərarətin yüksəlməsi, bir neçə gün sonra öskürək, xışıltı, tənginəfəslik, iştahasızlıq kimi simptomlar meydana çıxır. RSV ilə yoluxanlarda xəstəliyin gedişi boğulma ilə müşayət olunur. Ona görə də, xəstələr ən çox boğulmadan, koronavirusa bənzər əlamətlərdən şikayət edir".
Həkimin sözlərinə görə, bu, göy öskürək də deyil. Göy öskürəyin törədicisi göy öskürək çöplərdir. Onun gedişində dövrilik var. Həm də göy öskürək aylarla davam edir. Hazırda yayılan isə virus infeksiyasıdır. Onun isə spesfik müalicə üsulu yoxdur:
"Yalnız qripin müxtəlif ştammlarına qarşı peyvənd var. Amma peyvənd yayılmış ştamm üzrə aparılmalıdır. əks halda qripin başqa növünə qarşı vaksin fayda verməyəcək".
Nəsib Quliyev hazırda qripin yeni yayılmış növünə kütləvi yoluxmaların müşahidə olunduğunu bildirib. O deyib ki, ailələrdə yoluxma həm uşaqlar, həm də böyüklər arasında qeydə alınır. Uşaqların qrip əlamətləri ilə müraciət edildikdə, onlar koronavirusa qarşı test edilir. Koronavirus olduqda, bu barədə valideynə məlumat verilir.
Kafedra müdiri qrip və paraqriplərin növlərinin çox olduğunu, konkret qrip törədən 15-ə yaxın virusun olduğunu söyləyib. O, bu xəstəlyin beynəlxalq dildə inflüenza adlandırıldığını söyləyib.
N.Quliyev bildirib ki, uşaqları virusdan qorumaq üçün öncə immunitetlərini güclü saxlamaq lazımdır. Bu işə isə yay aylarından başlanılmalıdır. Yayda uşaqların günəş, su vannası qəbul etməsi, keyfiyyətli və bol vitaminli qidalarla bəslənməsi mütləqdir. Qışda isə bədən temperaturunu normada saxlamaq vacibdir. Uşaqlar havaya uyğun geyindirilməlidirlər.
Nəsib Quliyev onu da bildirib ki, hazırda xəstəliyin geniş arealda yayılma səbəbi xəstə uşaqların bağçaya və məktəbə getməsi, öz sinif yoldaşlarını yoluxdurmasıdır:
"Uşaq bağçalarında və məktəblərdə buna ciddi nəzarət olunmaldır. Hərarəti, halsızlığı olan uşaqları bağçaya, məktəbə buraxmaq olmaz. Əks halda xəstəlik daha sürətlə yayılacaq. Belə uşaqlar bağça və məktəbdən dərhal kənarlaşdırılmalıdır. Kompleks tədbirlər görülməlidir ki, yoluxma sayı daha da artmasın".