BAKI, 26 yanvar — Sputnik. Bakının marşrut xəttinə daha bir elektrik mühərrikli avtobus buraxılıb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə "Bakubus"ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Əsmər Əliyeva məlumat yayıb.
O bildirib ki, elektrik avtobusu hazırda "BakuBus"ın istismarında olan 11 nömrəli marşrut xəttində hərəkət edir. Uzunluğu 43,3 km olan marşrut xətti İ.Əbilov - Dəmiryol vağzalı istiqamətində fəaliyyət göstərir.
Qeyd edək ki, Bakıda marşrut xəttində ilk elektrik mühərrikli avtobus ötən ilin sentyabr ayından 5 nömrəli marşrut xəttində hərəkət edir. Marşrut xətti "20-ci sahə" – "Nəriman Nərimanov" metro stansiyası istiqamətini əhatə edir. Avtobus 33 sərnişin oturacağına malikdir. Ümumi sərnişin tutumu 82 nəfər olan avtobus tam enerji toplayaraq 350 km məsafə qət edə bilir. Nəqliyyat vasitəsi müasir sərnişindaşıma tələblərinə tam cavab verir.
30.06.23, 09:31
Sumqayıt sakinləri Bakıya metrobusla gedib-gələcək
Bakı ilə Sumqayıt arasında daha böyük tutumlu nəqliyyat vasitələrinin – metrobusların istismara verilməsi planlaşdırılır. Bu barədə mətbuata "Xaliq Faiqoğlu" şirkətinin rəhbəri Faiq Seyidov məlumat verib. O, bildirib ki, şirkət Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi – AYNA ilə birgə bir sıra perspektiv layihələri nəzərdən keçirir.
"Bunlardan biri Bakı və Sumqayıt arasında metrobusların (Türkiyə istehsalı olan "OTOKAR" markalı 22 ədəd 21 metrlik elektrik mühərrikli nəqliyyat vasitəsi -red.) istifadəyə verilməsi ilə bağlı layihədir. Bu layihə reallaşarsa, iki böyük şəhər arasında dayanıqlı və keyfiyyətli sərnişindaşımanın həyata keçirilməsi istiqamətində böyük addım olacaq. İnanırıq ki, bu kimi mütərəqqi ideyalar qısa vaxtda həyata keçəcək və nəqliyyat şəbəkəsinin inkişafına dəstək olacaq", – Seyidov əlavə edib.
Bəs görəsən, Bakı-Sumqayıt istiqamətində metrobusların fəaliyyəti az qala günün bütün saatlarında tıxac müşahidə olunan Bakı-Rusiya yolunda problemi aradan qaldıracaqmı? Bu layihənin icrasına nə zaman başlanılacaq?
Layihə elə layihə olaraq qalıb
Elə bu suallarla öncə "Xaliq Faiqoğlu" şirkətinə müraciət etdik. Şirkətin mətbuat xidmətinin rəhbəri Nizam Rzayev Sputnik Azərbaycan-a açıqlamasında bildirdi ki, şirkət sadəcə təkliflə çıxış edib. Layihənin həyata keçirilməsi üçün maliyyə xərcləri, perespektiv və digər məsələlər hələki müzakirə olunmayıb.
AYNA-dan da hələki bu məsələnin aktual olmadığı bildirildi.
Bakı-Sumqayıt arasında sərnişindaşıma bərbad durumdadır
Nəqliyyat məsələləri üzrə ekespert Elməddin Muradlı isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu layihənin əsas hədəfi Bakı-Sumqayıt arasında sərnişin axınını tənzimləmək və insanları daha çox ictimai nəqliyyatdan istifadəyə cəlb etməkdir. E. Muradlı bildirib ki, Bakı-Sumqayıt istiqamətində sərnişinlərin əksəriyyəti avtobuslardan çox "1 manatlıq taksi"lərdən istifadəyə və qanunsuz sərnişin daşıyan mikroavtobuslardan istifadəyə üstünlük verir. Ekspert deyir ki, buna da səbəb, sözügedən istiqamətdə sərnişin daşımasının düzgün təşkil olunmamasıdır. E.Muradlı bildirdi ki, hazırda Bakı-Sumqayıt arasında iki mürşrut xəti fəaliyyət göstərir. Onun da ümumi sayı cəmi 5 avtobusdan ibarətdir. Xətin birində üç, digərində iki avtobus var. Onların isə vəziyyəti ürəkaçan deyil.
Bakı-Sumqayıt yolundan bir zolaq da metrobuslar üçün ayrılacaq?
E.Muradlı müsahibəsində qeyd edib ki, "Xaliq Faiqoğlu" şirkətinin metrobuslarla bağlı təklif etdiyi layihənin səmərələliyi öncə AYNA tərəfindən nəzərdən keçirilməlidir. Müsahibimiz deyir ki, aidiyyatı qurumlar bu layihənin maliyyə tutumunu yoxlamalıdırlar: " Layihənin ilkin mərhələsində mən də iştirak etmişəm. Əsas məqsəd yeni yerüstü nəqliyyat növünün istifadəyə verilməsi ilə sərnişin daşınmasını daha təhlükəsiz, rahat təmin etməkdir. Layihə müzakirə olunarkən təklif olundu ki, bunun üçün Bakı-Sumqayıt arasında təcrid olunmuş ayrıca zolaq ayrılsın. Başqa heç bir nəqliyyat vasitəsi o zolağa daxil olmasın. Yaxud da xüsusi kameralar vasitəsilə həmin zolağa daxil olan nəqliyyat vasitələrinə cərimə tətbiq olunsun ki, elektrikli avtobuslar gecikməsin".
E.Muradlı bildirib ki, avtobuslar arasında intervala dəqiq əməl olunarsa, sərnişinlər "1 manatlıq taksi"lərdən istifadə etməz. Onun fikrincə, metrobuslarda interval saat kimi dəqiq işləyərsə, sərnişinlər özləri bu nəqliyyat vasitəsinə üstünlük verəcəklər: "Hazırda Bakı-Sumqayıt istiqamətində sərnişinlər "1 manatlıq taksi"lərin ümidinə qalıb. İmkanı olan şəxs isə taksidən canını xilas etmək üçün özünə şəxsi avtomobil alır. Nəticədə bu yolda hər gün tıxac müşahidə olunur. Düşünürəm ki, metrobus xətinin olması Bakı və Sumqayıtı birləşdirən bir layihə olaraq, bu yolda tıxacın azalmasına təsir göstərəcək".
E.Muradlı deyir ki, metrobusların hərəkəti üçün xüsusi zolaq çəkməyə ehtiyac yoxdur. Bakı-Sumqayıt yolunun bir zolağını metrobuslar üçün ayırmaqla onların hərəkətini təmin etmək olar.
Ekspert bildirib ki, bu layihə Bakının bir çox istiqamətlərində həyata keçirilə bilər.
"Butulka"nı sındırmaq mümkün olmayacaq
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat və Logistika Kafedrasının baş müəllimi Bulud Bağırov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakı-Sumqayıt yolunda metrobus xətinin salınması bir qədər çətin olacaq. O, bildirib ki, bu zolağı 20-Yanvar ərazisinə, Şamaxinka adlanan əraziyə qədər ayırmaq mümkün olsa da, 20 Yanvara girişi genişləndirmək mümkün deyil. Burada "butulka" effekti yarandığından, metrobusların hərəkəti üçün ayrıca zolağı uzatmaq mümkün olmayacaq.
Odur ki, B. Bağırov Bakı-Sumqayıt arasında sərnişin axınını ictimai nəqliyyatla tənzimləmək üçün ən yaxşı üsulun metro olduğu qənaətindədir.
""Avtovağzal" metrostansiyası ilə Sumqayıt arasında yerüstü metro xətti çəkmək mümkündür. Bu daha səmərəli olar", - deyə B.Bağırov bildirib.
Onun sözlərinə görə, metrobus layihəsini paytaxtın digər istiqamətlərində tətbiq etmək də sənərə verə bilər. Lakin Bakıda bəzi yolların infrastruktur xarakteri metrobus yolunun çəkilməsinə imkan vermir.
İstanbul sakinlərini tıxacdan xilas edən nəqliyyat vasitəsi
Qeyd edək ki, İstanbul bələdiyyəsi metrobus proyektini həyata keçirməklə tıxacların qarşısını xeyli ala bildi. Metrobusların üstünlüyü yalnız tıxac problemini həll etməsində deyil. Türkiyədə metrobusların yolunda müstəsna hallarda təxirəsalınmaz tibbi yardım maşınlarının hərəkətinə icazə verilir. Eləcə də yanğın baş verdikdə, metrobus yoluna yanğınsöndürmə maşınları da buraxıla bilər.
Məlumat üçün bildirək ki, metrobus ən müasir, əlverişli və üstün şəhər nəqliyyatı növüdür. Bu nəqliyyat növünün qısa hərəkət intervalı və tez çatdırma, əhalinin yüksək sıxlığı olan şəhərin mərkəzi hissələrinə işləyə bilməsi, ekoloji təmiz, alternativ nəqliyyat rejimi və komfortluq kimi üstünlükləri var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.