BAKI, 26 yanvar — Sputnik. KİV-də Rusiyanın Kiyevin neytral statusundan imtinası və NATO-ya üzvlüyü ilə bağlı mövqeyini dəyişməyə hazır olması barədə yayılan məlumatlar reallığı əks etdirmir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Bundan əvvəl "Bloomberg" agentliyi Rusiyanın Ukrayna ətrafında böhranın həlli ilə bağlı ABŞ-la danışıqlar aparmaq imkanlarını araşdırdığına dair iddialar səsləndirmişdi. Xüsusilə, agentliyin istinad etdiyi mənbənin sözlərinə görə, Moskva Ukraynanın NATO-ya üzv olmaqdan imtina etməsi və onun neytral statusu ilə bağlı tələblərini geri götürmək imkanını nəzərdən keçirə bilər.
"Xeyr, bu, yanlış məlumatdır, tamamilə yalandır" - Peskov müvafiq suala cavabında deyib.
Dekabrın 14-də Rusiya Prezidenti Vladimir Putin birbaşa və mətbuat konfransında bildirib ki, Rusiya xüsusi hərbi əməliyyatın dəyişməz qalan məqsədlərinə çatanda Ukraynada sülh olacaq.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.