BAKI, 26 yanvar — Sputnik. Neft qiymətləri dünən dekabr ayından bəri ən yüksək səviyyəyə qalxdıqdan sonra bu gün nisbətən ucuzlaşıb. Lakin ABŞ-də iqtisadi artım, Çində iqtisadi artım üçün stimullaşdırıcı tədbirlər neftə tələbi artırdığı üçün oktyabr ayından bəri qiymətlərdə ən böyük həftəlik artım qeydə alınıb. Yaxın Şərqdə tədarükün kəsilməsi ilə bağlı davamlı narahatlıqlar da neft qiymətlərinə dəstək verib.
"Brent" markalı neft 38 sent ucuzlaşaraq 82,05 dollar, ABŞ-nin Qərbi Texas nefti 50 sent ucuzlaşaraq 76,86 dollar olub. Oktyabrın əvvəlindən bəri bu həftə "Brent" və Qərbi Texas neftinin qiymətlərində müvafiq olaraq 4,7% və 5,2% artım baş verib.
"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti isə 0,99 dollar artaraq 86,33 dollar təşkil edib.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Deputat Vüqar Bayramov bildirib ki, "Brent" markalı neftin 1 barelinin 2022-ci ildə orta qiyməti 100,93 dollar olub. İlkin hesablamalara görə, bu rəqəm ötən il 82,56 dollar təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 dollardan hesablanıb.
Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol bildirib ki, bu il neft bazarlarının Yaxın Şərqdəki gərginliklərə baxmayaraq, artan təklif və yavaşlayan tələb artımı fonunda "rahat və balanslı vəziyyətdə" olacağını gözləyir.