BAKI, 26 yanvar — Sputnik. Azərbaycanda “WhatsApp” profillərinə kütləvi şəkildə haker hücumu olub.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşları tətbiqləri yükləyərkən diqqətli olmağa çağırıb. Qurumdan Sputnik Azərbaycan-ın sorğusuna verilən cavabda bildirilir ki, Xidmət tərəfindən aparılan araşdırmalar nəticəsində vətəndaşların üzləşdiyi maliyyə itkisinin və cihazlarının zərərverici proqramlarla yoluxmasının əsas səbəbinin “WhatsApp+” və bunun kimi rəsmi müəllifi tərəfindən yayımlanmayan və etibarlı mənbələrdən yüklənilməyən tətbiqlər nəticəsində baş verdiyi müəyyən olunub.
ETX-nin açıqlamasında həmçinin deyilir:
"Müşahidələr göstərir ki, kiberdələduzlar belə tətbiqlər vasitəsilə vətəndaşların fərdi məlumatlarını oğurlamaq və cihazlarından növbəti kiberhücumları həyata keçirmək üçün istifadə edirlər. Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara bu kimi hallara diqqətlə yanaşmağı, tətbiqləri yalnız rəsmi mənbələrdən yükləməyi, tətbiqləri yükləyərkən verilən icazələri nəzərdən keçirməyi tövsiyə edir”.
Qeyd edək ki, Azərbaycanda “WhatsApp” profillərinə kütləvi şəkildə haker hücumu olub. Xüsusən, “WhatsApp+” istifadəçilərinə məxsus profillərin ələ keçirildiyi deyilir. Bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb. Bəzi vətəndaşlar bu gün səhər saatlarından etibarən mağazalarda bank kartları ilə ödəniş edə bilmədiklərini deyirlər.
Tanınmış texnobloger Fərid Pərdəşünas "WhatsApp+" istifadəçilərinə bu barədə xəbərdarlıq edib.
Bloger sosial media hesabında yazıb ki, hazırda saxta "WhatsApp+" istifadə edənlərin bank hesablarından pullar oğurlanır:
"Pulu oğurlananlar and-aman edib, bankları günahlandırsalar da, əslində "WhatsApp+"da olan arxa qapı sayəsində bank tətbiqlərinə giriş əldə edilir".
Texnobloger qeyd edir ki, Azərbaycan saxta "WhatsApp+" yüklənmə sayına görə dünyada 1-ci yerdədir: ""WhatsApp+" orijinal "WhatsApp"da olmayan imkanları təqdim edən saxta həlldir".
Qeyd edək ki, son günlər Azərbaycan sosial media seqmentində bank hesablarından kütləvi şəkildə pulların oğurlanması barədə şikayətlər yazılır.
Ötən ilin oktyabr ayında dünyanın yüzdən çox ölkəsində Trojan-Spy.AndroidOS.CanesSpy casus proqramı tərəfindən 340,000-dən çox hücum aşkar edilib və qarşısını alınıb. Bu təhlükənin coğrafi yayılması çox geniş olsa da, ən çox qeydə alınmış hücum cəhdi Azərbaycanda baş verir. O, böyük fərqlə liderdir (45,64). Azərbaycanı bir neçə ərəb ölkəsi - Yəmən, Səudiyyə Ərəbistanı, Misir, həmçinin Türkiyə izləyir.