DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Beynəlxalq Ədalət Məhkəməsi İsrailin Qəzzada soyqırımı törətdiyi iddiasını təsdiqləyib

Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Ədalət Məhkəməsinin İsraillə bağlı qərarını alqışlayıb.
Sputnik
BAKI, 26 yanvar - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Ədalət Məhkəməsinin İsrailə qarşı soyqırımı iddiası üzrə qərarını alqışlayıb.
Bu barədə Türkiyə dövlət başçısının “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib:
“Günahsız fələstinli mülki şəxslərə qarşı törədilən müharibə cinayətlərinin cəzasız qalmaması üçün prosesi izləməyə davam edəcəyik. Ümid edirik ki, məcburi olan bu qərar İsrailin qadınlara, uşaqlara və qocalara qarşı hücumlarına son qoyacaq. Türkiyə olaraq atəşkəsin bərqərar olması və daimi sülhün yolunu təmin etmək üçün bütün gücümüzlə çalışmağa və fələstinli qardaşlarımızın yanında olmağa davam edəcəyik”.
***
Beynəlxalq Ədalət Məhkəməsi Cənubi Afrika Respublikasının (CAR) İsrailə qarşı qaldırdığı soyqırımı iddiası üzrə müvəqqəti qərarını açıqlayıb.
Məhkəmə Qəzza sakinlərinin soyqırımına görə İsrailə qarşı irəli sürülən ittihamların “ağlabatan səviyyədə sübuta yetirildiyi” qərarını verib.
BƏM İsraildən Qəzza zolağında soyqırımı törədilməsinin qarşısını almaq üçün bütün tədbirləri görməsini tələb edib.
Qərara əsasən, İsrail bir ay ərzində öz imkanları çərçivəsində soyqırımı aktlarının törədilməsinə mane olmaq məqsədilə hansı tədbirləri görməsinə dair hesabat təqdim etməlidir.
Məhkəmə həmçinin İsraildən Qəzza zolağında təcili ehtiyac duyulan əsas xidmətlərin və humanitar yardımın təmin edilməsi üçün təcili və effektiv tədbirlər görməsini tələb edib.
Bununla belə, məhkəmə CAR-ın dərhal atəşkəs tətbiq edilməsi istəyi ilə razılaşmayıb (APA).
Qeyd edək ki, BƏM-in qərarı müvəqqəti xarakter daşıyır və iş üzrə yekun qərarın qəbul edilməsi bir neçə il çəkə bilər.
Xatırladaq ki, bir müddət əvvəl Beynəlxalq Ədalət Məhkəməsi Cənubi Afrika Respublikasının Qəzzada müharibə aparmasına görə, İsrailə qarşı qaldırdığı soyqırımı iddiasına baxmağa başlayıb.
İş üzrə İsrail Holokostdan sonra qəbul edilmiş 1948-ci il Soyqırımı Konvensiyasını pozmaqda ittiham edilir.