AZƏRBAYCAN XƏBƏRLƏRİ

Baş nazir hərbi qulluqçuların və MM işçilərinin maaşlarının artırılmasına qərar verib

Əli Əsədovun imzaladığı qərar əsasında DSX hərbi qulluqçularının və DDK yanında MM-in işçilərinin vəzifə maaşlarına əlavə edilib.
Sputnik
BAKI, 26 yanvar - Sputnik. Baş nazir Əli Əsədovun imzaladığı qərar əsasında bir sıra sahələrdə işləyən şəxslərin maaşları artırılıb.
DSX hərbi qulluqçularının maaşları artırılıb
Baş naziri qərarı ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri yeni redaksiyada təsdiq edilib.
Hərbi qulluqçuların aylıq vəzifə (tarif) maaşlarının məbləğləri məxfi olduğundan açıqlanmır.
Maliyyə Nazirliyinə tapşırılıb ki, bu Qərarın icrası ilə əlaqədar tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirsin.
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin işçilərinin əməkhaqları artırılıb
Baş nazirin imzası ilə “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturunun, işçilərinin say həddinin təsdiq edilməsi və əməyin ödənişi fondunun müəyyən edilməsi haqqında” qərarda dəyişiklik edilib.
Dəyişikliyə əsasən, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin işçilərinin əməkhaqlarının məbləği artırılıb. Belə ki, aylıq əməyin ödənişi fondunun məbləği 10 080 manatdan 31 466 manata çatdırılıb.
Daha bir dəyişikliklə Nazirlər Kabinetinin (NK) Monitorinq Mərkəzi ilə bağlı icra etdiyi səlahiyyətlərindən biri ləğv edilib. Belə ki, NK bundan sonra mərkəzin işçilərinin say həddini və əməkhaqqı fondu ilə qərar qəbul edə bilməyəcək.
Sözügedən hər iki qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.