BAKI, 25 yanvar — Sputnik. "İmtahan tariflərində heç bir dəyişiklik yoxdur".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, belə bir dəyişiklik olarsa, Tarif Şurasının qərarı olmalıdır:
"Kütləvi imtahanların sifarişçisi Elm və Təhsil Nazirliyidir. Bu imtahanlarda iştirakçılar pul ödəmir. Onların ödənişləri dövlət tərəfindən ödənilir".
O, həmçinin bildirib ki, bu il işğaldan azad edilmiş ərazilərimizdəki 3 məktəbdə buraxılış imtahanı keçiriləcək. M.Abbaszadə qeyd edib ki, bu səbəbdən rayonlarda nəzarətçi müəllimlərin sayını artırmağı düşünürlər.
Onun sözlərinə görə, buraxılış və qəbul imtahanlarında qayda pozuntularında azalma müşahidə edilib.
"2015-ci ildə qəbul imtahanlarında pozuntular 3 faizə qədər idisə, 2022-ci ildə bu, 2 faizə düşüb. Buraxılış imtahanları üzrə isə pozuntular 2 faizdən 0,5 faizə qədər azalıb. İmtahanlarda köçürmə halları aşkarlanır. İmtahandan sonra aparılan araşdırmalardan sonra bu hallar üzrə çıxarılır və müvafiq tədbirlər görülür. İmtahanlarda adətən 5-10 belə hala rast gəlinir" - DİM sədri əlavə edib.
M.Abbaszadə onu da bildirib ki, ötən il 40 növdə imtahan keçirilib, həmin imtahanlarda 601 370 nəfərin biliyi qiymətləndirilib: "29 437 nəfər qabiliyyət imtahanlarında iştirak edib. İmtahanlarda 62 693 imtahan rəhbəri, zal nəzarətçisi və buraxılış rejimi əməkdaşı çalışıb. 4004 ekspert, makler və tərcüməçi prosesə cəlb edilib. 11 375 695 elektron xidmət göstərilib".
DİM sədri qeyd edib ki, magistr dərəcəli mütəxəssislərimiz ümumi müəllimlərin 10 faizini təşkil edir: "Mütəxəssislərimizin 80 faizi bakalavr, 10 faizi isə subbakalavr təhsillidir. Təəssüf ki, sertifikatsız müəllimlər 80 faiz təşkil edir. A sertifikatı üzrə 1 faiz, B sertifikatı üzrə isə onların sayı 16 faizdir. Mən müəllimlərimizi sertifikasiya prosesinə qoşulmağa dəvət edirəm. Sertifikasiyadan keçən müəllimlərə daha yüksək əmək haqqı verilir".