BAKI, 25 yanvar — Sputnik. Dünya bazarlarında neft qiymətləri bahalaşıb.
ABŞ-də neft ehtiyatlarının gözləniləndən daha çox azalması qiymətləri qaldırıb. Digər tərəfdən, Çinin iqtisadi bərpası ilə bağlı gözləntilər neft qiymətlərini dəstəkləyib.
Ötən həftənin yekunlarına görə, ABŞ-də kommersiya neft ehtiyatları 9,2 milyon barel azalıb. Lakin analitiklər ABŞ-də kommersiya neft ehtiyatlarının 2,1 milyon barel azalacağını proqnoz vermişdilər.
"Brent" markalı neft 25 sent artaraq 80,29 dollar, ABŞ-nin Qərbi Texas nefti 31 sent artaraq 75,40 dollar olub.
"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti isə 1,11 dollar azalaraq 85,34 dollar təşkil edib.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Deputat Vüqar Bayramov bildirib ki, "Brent" markalı neftin 1 barelinin 2022-ci ildə orta qiyməti 100,93 dollar olmuşdu. İlkin hesablamalara görə, bu rəqəm ötən il 82,56 dollar olub.
Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol bildirib ki, bu il neft bazarlarının Yaxın Şərqdəki gərginliklərə baxmayaraq, artan təklif və yavaşlayan tələb artımı fonunda "rahat və balanslı vəziyyətdə" olacağını gözləyir.