BAKI, 24 yanvar — Sputnik. Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, hazırda Bakıda və Abşeron yarımadasında qar yağır, axşama doğru tədricən kəsiləcək:
"Havanın temperaturu hazırda 1 dərəcəyədək isti qeydə alınır, axşam saatlarında 0 dərəcəyə yaxın olacaq. Yağıntılı hava şəraiti və arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar yollarda görüş məsafəsi məhdudlaşacaq. Gecə və səhər saatlarında şəhərin nisbətən yüksək ərazilərində yolların buz bağlayacağı ehtimal olunur".
G.Məmmədova qeyd edib ki, bölgələrdə də yağıntılar davam edir:
"Bəzi yerdə qar yağır, ayrı-ayrı yerlərdə isə yağıntılar intensiv xarakterlidir. Axşama doğru bölgələrdə də yağıntılar tədricən kəsiləcək. Gözlənilən yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlayacağı ehtimal olunur".
Bildirilib ki, yanvarın 25-də paytaxtda, eləcə də bölgələrdə hava şəraitinin sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları respublikanın avtomobil yollarında hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparır. Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.
"Sürücülərdən xahiş edirik, sürət həddini hava şəraitinə uyğun tənzimləsinlər, ötmə əməliyyatından və qəfil manevrlərdən çəkinsinlər. Təcrübəsi az olan sürücülərin buz bağlayan yollarda avtomobil idarə etmələri tövsiyə edilmir" - məlumatda bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.