CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirdən tıxaclarla bağlı tapşırıq - Yol polisi yollarda süni tıxac yaradır?

Bulud Bağırov bildirib ki, Bakıda tıxacın yaranmasına bəzən yol polisinin rolu olur.
Sputnik
BAKI, 24 yanvar — Sputnik. "Bakıda yol polisi müəyyən yerlərdə hərəkəti düzgün tənzimləmir. Bəzi yerlərdə hərəkətin nizamlanması düzgün aparılmır. Ona görə tıxac yaranır". Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat və Logistika Kafedrasının baş müəllimi Bulud Bağırov söyləyib.
Qeyd edək ki, dünən Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Bakıdakı tıxaclardan danışıb. Nazir tıxac problemi barədə DİN-in kollegiya iclasında çıxışı zamanı bildirib ki, aidiyyəti qurumlarla birgə bu cür halların, o cümlədən nəqliyyat vasitələrinin və piyadaların sərbəst, rahat, təhlükəsiz hərəkətinə maneə yaradan qanunsuz parklanmaların, dayanma və ya durmaların qarşısı alınmalıdır.
B. Bağırov isə deyir ki, Bakıda tıxacın yaranmasına bəzən yol polisinin rolu olur. Onun sözlərinə görə, polisin yolu bağlaması, avtomobillərin hərəkətini bir neçə dəqiqiə dayandırması tıxac yaradır.
Vilayət Eyvazov

"Paytaxtın Yusif Səfərov küçəsində üstünlük nişanı olsa da, yol polisi bu yolda bütün hərəkət zolaqlarını bağlayır. Hətta ictimia nəqliyyatın da yolunu bağlayırlar. Bu isə insanların işə gecikməsinə səbəb olur. Əgər yol bağlanacaqsa, o zaman ictimai nəqliyyat üçün ayrıca zolaq salmağın nə mənası qalır? Buradan da görünür ki, nizamlanma düzgün aparılmır. Müəyyən yerlər var ki, orada ictimai nəqliyyata üstünlükverici nişan qoyulub. Amma o küçələrdə də hərəkəti saxlayırlar. Mən belə düşünürəm ki, yol polisi yoldan çıxsa tıxac olmayacaq", B.Bağırov bildirib.

B.Bağırov onu da bildirib ki, paytaxtda tıxacın aradan qaldırılmasının əsas yolu ictimai nəqliyyat zolağının artırılmasıdır.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı isə deyir ki, yol polisi yollardan qısa müddətdə çəkildə paytatxda hərəkət iflic olar.
Elməddin Muradlı, arxiv
Ekspert deyir ki, Vilayət Eyvazovun kollegiya iclasında yol polisinə tıxaclarla bağlı tapşırıq verməsi birinci hal deyil.
"Daxili işlər naziri daim iclaslarda yol polisinə yollarda hərəkətə mane olan amillərin aradan qaldırılması, parklanma qaydalarına nəzarətlə bağlı tapşırıq verir ki, yolun hərəkət hissəsində dayanan nəqliyyat vasitələri yollardan yığışdırılsın. Çünki, bəzən avtomobillər yolun ikinci hərəkət hissəsində park edilirlər. Bu da yollarda tıxaca səbəb olur. Belə avtomobillərin sahibləri cərimələnir, avtomobillər evakuatorlarla yolun hərəkət hissəsindən yığışdırılır. Yollarda intizamsız sürücülərə qarşı tədbirlər görülür", Elməddin Muradlı bildirib.
E. Muradlı deyir ki, yol polisinin nəzarət etməsinə rəğmən piyada səkilərinin zəbt olunması hallarına rast gəlinir. Ekspert bildirib ki, yol polisinin yollarda tıxacın qarşısını almaqda xidmətləri danılmazdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.