BAKI, 23 yanvar — Sputnik. Respublika Perinatal Mərkəzində baş vermiş yanğın zamanı təxliyə olunan uşaqların səhhəti normaldır, ölüm halı yoxdur. Bu barədə Sputnik Azərbaycan-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutundan da Sputnik Azərbaycan-a bildirilib ki, instituta Respublika Perinatal Mərkəzindən altı uşaq gətirilib. Hazırda onların səhhəti normaldır.
Qeyd edək ki, bəzi mətbuat orqanlarında Respublika Perinatal Mərkəzində yanğından xilas olunaraq Kliniki Tibbi Mərkəzə çatdırılan uşaqlar arasında ölüm baş verdiyi barədə məlumat yayılıb. Bakupost.az saytının xəbərinə görə, həmin körpələrdən ikisi ölüb. Məlumata görə, körpələr bu gün səhər saatlarında həyatını itirib.
Onu da xatırladaq ki, Respublika Perinatal Mərkəzində baş vermiş hadisə zamanı dörd körpə həyatını itirib. Əlavə edək ki, Perinatal Mərkəzində yanvarın 9-da 4 körpənin ölümü və bir neçə nəfərin tüstüdən zəhərlənməsi ilə nəticələnən yanğınla bağlı 3 vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.