BAKI, 23 yanvar — Sputnik. Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iştirakçıları aprelin 12-də Minskdə keçirilməsi planlaşdırılan iclasda siyasi və humanitar sahədə əməkdaşlıqla bağlı 10-a yaxın məsələyə baxacaqlar. Bu barədə MDB-nin baş katibi Sergey Lebedev MDB-yə üzv ölkələrin Daimi Səlahiyyətli Nümayəndələri Şurasının Belarus paytaxtında keçirilən iclasından əvvəl məlumat verib.
"Bu gün Daimi Nümayəndələr Şurasının iclasında aprelin 12-də Minskdə keçiriləcək qarşıdan gələn Xarici İşlər Nazirləri Şurasının gündəliyinin layihəsinə baxılacaq. Hazırda, gündəlikdə 10 məsələ var və bunlar siyasi, humanitar sahədə əməkdaşlığı, bəzi təşkilati məsələləri əhatə edən məsələlərdir".
Lebedevin sözlərinə görə, xarici işlər nazirləri MDB ölkələrinin diplomatik idarələri arasında qarşılıqlı fəaliyyətin vəziyyətini müzakirə edəcəklər: "İlk növbədə, beynəlxalq platformalarda qarşılıqlı fəaliyyətin vəziyyəti müzakirə ediləcək".
O əlavə edib ki, daimi nümayəndələrin görüşü zamanı Regionlararası Transsərhəd Əməkdaşlıq Şurasının hesabatı da dinləniləcək. "Bu, çox mühüm qarşılıqlı fəaliyyət sahəsidir. Siz özünüz də görürsünüz ki, Rusiya Federasiyasından və digər respublikalardan regional liderlər Belarus Respublikasına nə qədər tez-tez gəlirlər və ölkələrimizin paytaxtlarından yan keçməklə, birbaşa təmaslar, qarşılıqlı fəaliyyət haqqında razılığa gəlirlər. Bu mexanizm uğurla fəaliyyət göstərir" - deyən baş katib Rusiya Federasiyası və Belarus regionlarının, habelə Rusiya və Qazaxıstanın forumlarının keçirildiyini xatırladıb.
"Onların həm bizim həmsərhəd rayonlarımızdan, həm də Şura üzvlərindən bu əməkdaşlığın intensivləşdirilməsi üçün çoxlu arzuları var. İndi biz təkcə MDB-nin bəzi iki respublikasının regionlarının forumunun keçirilməsi məsələsinə baxırıq, bəlkə də bütün Birlik çərçivəsində daha geniş toplaşa bilərik. Bu, təşkilati və texniki cəhətdən çətin olsa da, fikir artıq ifadə olunub. Müzakirə edəcəyik, qərar verəcəyik" - Lebedev bildirib.