TƏHSİL

Baş Prokurorluq Rüfət Hacıyevin həbsi ilə bağlı məlumat yaydı

Rüfət Hacıyevin işlədiyi müddətdə ayrı-ayrı şəxslərdən ümumilikdə 53 min manat pul vəsaitini təkrarən rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Sputnik
BAKI, 22 yanvar — Sputnik. Baş Prokurorluq Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri Rüfət Hacıyevin həbsi ilə bağlı məlumat yayıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, 2017-2022-ci illərdə Quba Rayon Təhsil şöbəsinin müdiri (hazırda ləğv olunub) və 27 noyabr 2023-cü il tarixinədək Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri vəzifəsində işləmiş Hacıyev Rüfət Malik oğlunun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Rüfət Hacıyevin işlədiyi müddətdə əmək müqaviləsinin müddətinin uzadılması, məktəb direktoru vəzifəsinə təyin olunma, məktəblərdə müvafiq yoxlamaların keçirilməməsi, eləcə də xidmət üzrə ümumi himayədarlıq göstərilməsi kimi məqsədlərlə ayrı-ayrı şəxslərdən ümumilikdə 53 min manat pul vəsaitini təkrarən rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
İlkin sübutlar əsasında Rüfət Hacıyevə Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (rüşvət alma təkrar və külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
20.01.2024
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri Rüfət Hacıyev həbs edilib.
R.Hacıyev Baş Prokuror yanında Korrupsiya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət almaq) maddəsi ilə cinayət işi açılıb.
Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətə qətimkan tədbiri seçilib.
28.11.23
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev işdən çıxıb. Sputnik Azərbaycan xəbər verir ki, o, bu gün vəzifəsindən ayrılıb.
Xatırladaq ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev 9-cu sinif şagirdini döyüb. Hadisə Xaçmaz şəhər 4 saylı tam orta məktəbdə baş verib.
Təhsil ocağına yoxlamaya gələn Rüfət Hacıyev həmin məktəbin şagirdi 2007-ci il təvəllüdlü Mirzəyev Nizam Ramiz oğlunu döyüb. Məktəblinin valideynləri bu iddia ilə Xaçmaz rayon Polis Şöbəsinə müraciət ediblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şimal regional qrupundan bildirilib ki, hadisə ilə bağlı müraciət daxil olub. Hazırda Xaçmaz RPŞ-nın təhqiqat bölməsində müvafiq araşdırma aparılır.