BAKI, 22 yanvar — Sputnik. Sabiq səhiyyə naziri, 73 yaşlı Oqtay Şirəliyevin səhhətində problem yaranıb.
Yerli medianın yazdığına görə, Oqtay Şirəliyev müalicə üçün Türkiyəyə aparılıb.
Keçmiş nazirin müalicəsi qardaş ölkədə davam etdirilir. Onun Azərbaycana nə vaxt qayıdacağı bilinmir.
Yaxınları Oqtay Şirəliyevin səhhətində problem yarandığını və hazırda Türkiyədə olduğunu təsdiqləyib.
Bu arada Oqtay Şirəliyevin xərçəng xəstəliyindən əziyyət çəkdiyi məlum olub. O, bununla bağlı dəfələrlə Almaniya və Türkiyədə müalicə alsa da, beynində olan şiş metastaz verib.
Xəstəliyin sürətlə inkişaf etməsi keçmiş nazirin həkimlərin tövsiyələrinə əməl etməməsi, bu problemə ciddi yanaşmaması ilə əlaqələndirilir.
Hazırda Türkiyədə müalicə alan 73 yaşlı sabiq nazirin vəziyyətinin ağır olduğu bildirilir.
Xatırladaq ki, Oqtay Şirəliyev 2005-ci ildən səhiyyə naziri kimi fəaliyyət göstərirdi. O, Prezident İlham Əliyevin Sərəncamı ilə 23 aprel 2021-ci ildə səhiyyə naziri vəzifəsindən azad edilib.