BAKI, 22 yanvar — Sputnik. BMT-nin baş katibi Antonio Quterreş yanvarın 21-də səhər saatlarında Ukrayna Silahlı Qüvvələrinin Donetsk bazarına etdiyi hücumu kəskin şəkildə pisləyib.
Bu barədə baş katibin ofisinin bəyanatında deyilir.
"Baş katib mülki şəxslərə və mülki infrastruktura edilən bütün hücumları, o cümlədən bu gün Donetskin atəşə tutulmasını qətiyyətlə pisləyir" - bəyanatda deyilir.
Xatırladaq ki, yanvarın 21-də səhər saatlarında Ukrayna Silahlı Qüvvələri Donetskin Kirovski rayonunun "Tekstilşik" mikrorayonunda bazar ərazisini atəşə tutub. Nəticədə 27 dinc sakin həlak olub, daha 25 nəfər yaralanıb.
Rusiya Xarici İşlər Nazirliyi vətəndaşların ölümünü vəhşi terror aktı adlandırıb və digər ölkələri atəşi pisləməyə çağırıb.
Rusiya BMT Təhlükəsizlik Şurasının yanvarın 22-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə iclasının keçirilməsini istəyib. Tədbirin mövzularından biri Donetskin atəşə tutulması olacaq.