SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

AŞPA Azərbaycana qarşı sanksiyalara hazırlaşır: Mollazadə qurumu qeyri-səmimilikdə suçladı

AŞPA-dakı nümayəndə heyətinin üzvü Asim Mollazadə bildirib ki, bu, Avropa təşkilatlarının Azərbaycana olan təzyiqlərinin növbəti hissəsidir.
Sputnik
BAKI, 22 yanvar — Sputnik. AŞPA Azərbaycan nümayəndə heyətinə qarşı əvvəllər Rusiya nümayəndə heyətinə qarşı tətbiq etdiyi eyni ssenari üzrə sanksiyalar tətbiq etməyi planlaşdırır. Bu barədə Ukraynanın "European Pravda" nəşri AŞPA-dakı mənbələrinə istinadən məlumat yayıb.
"Azərbaycan üçün məhdudiyyətlərin tətbiqinə dair prinsipial qərar artıq AŞPA-nın Prezident Komitəsi səviyyəsində qəbul edilib. Günün ikinci yarısında plenar iclasın başlaması ilə deputatlar, çox güman ki, Almaniya nümayəndəsinin rəsmi təşəbbüsü ilə bu prosedura rəsmi şəkildə start verəcəklər. Azərbaycana qarşı rəsmi şikayət AŞPA-dan müşahidəçilərin fevralda Azərbaycanda keçiriləcək prezident seçkilərinə dəvət edilməməsi ilə bağlı olacaq" - məlumatda bildirilir.
AŞPA-da Azərbaycan əleyhinə baş verənlərlə bağlı Sputnik Azərbaycan-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, eləcə də Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Asim Mollazadə bildirib ki, bu, Avropa təşkilatlarının Azərbaycana olan təzyiqlərinin növbəti hissəsidir:

"Azərbaycana qarşı təzyiqlərin artırılmasında ən fəal rolu Fransa oynayır. Bununla yanaşı, Avropanın solçu partiyaları bu prosesin fəal iştirakçılarıdırlar. Bilirsiniz ki, bu oyunlar Azərbaycana qarşı ilk dəfə oynanılmır. Biz dəfələrlə həm Avropa Parlamentində, həm də Avropa Şurasında bu cür təşəbbüslərin şahidi olmuşuq".

Asim Mollazadə deyir ki, AŞPA Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etmək istəyirdi: "Ancaq ölkəmiz nə Avropa Parlamentini, nə də Avropa Şurasını seçki prosesini müşahidəyə dəvət edib. Bu addım onları çox qəzəbləndirib. Seçki prosesini müşahidə etməyə ATƏT dəvət olunub. AŞPA ona görə seçki prosesinə dəvət olunmayıb ki, Azərbaycana qarşı dəfələrlə əsassız sənədlər qəbul ediblər. Onlar Azərbaycana qarşı münasibətlərində ədalətli və səmimi deyillər. Səmimiyyətin olmaması onları seçki prosesini müşahidəyə dəvət olunmaqdan məhrum qoydu".
Millət vəkili AŞPA-nın Azərbaycana qarşı mümkün sanksiya tətbiq edəcəyi təqdirdə ölkəmizin hansı adekvat addımları atacağı ilə bağlı proqnoz vermək istəmədiyini deyib. O qeyd edib ki, Azərbaycan hər bir halda AŞPA-ya öz mənfi münasibətini bəyan edəcək.