BAKI, 22 yanvar — Sputnik. Bəzi ABŞ siyasətçiləri arasında Çindən qaynaqlandığı iddia edilən milli təhlükəsizliyə təhdidlərə əsaslanan təqib maniyası getdikcə daha da şiddətlənir. Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin ABŞ qanunvericilərinin texnologiya şirkəti ABB (Asea Brown Boveri Ltd.) ilə Çin arasında qarşılıqlı əlaqəni araşdırmaq niyyətini şərh efərkən deyib.
"Görünür, müvafiq siyasətçilərin təqib şişirtmələri getdikcə ciddiləşir" - Venbin deyib.
Diplomat əlavə edib ki, niyə ABŞ-ın milli təhlükəsizliyinə təhdidlərin həmişə "Çinin bütün aparıcı şirkətləri ilə" əlaqələndirildiyini həmin siyasətçilərdən soruşmaq istərdi.
"ABŞ-ın müvafiq siyasətçiləri tərəfindən şişirdilmiş Çin təhdidlərinin köpüyü getdikcə böyüyür və eyni zamanda, onların milli təhlükəsizliyin təmin edilməsi bəhanəsi ilə Çinin inkişafını cilovlamaq niyyəti getdikcə daha aydın olur" - Venbin vurğulayıb.
O, əlavə edib ki, amerikalı siyasətçilər qaydalara riayət etməkdən danışırlar, amma əslində onlar özləri qaydalara məhəl qoymurlar və onları pozurlar.
"Onlar ədalətli rəqabətdən danışırlar, lakin əslində rəqibləri sıxışdırmaq və digər ölkələri qanuni inkişaf hüququndan məhrum etmək üçün əllərindən gələni edirlər" - Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.
Daha əvvəl "Swissinfo" informasiya portalı məlumat vermişdi ki, ABŞ Konqresinin iki komitəsi Pekindən qaynaqlandığı iddia edilən təhdidlər və təhlükəsizlik riskləri ilə bağlı ABB şirkətinin Çindəki fəaliyyətini öyrənir. Nümayəndələr Palatasının komitələri şirkətin Çin dövlət müəssisəsi ilə əlaqələrini aydınlaşdırmaq üçün ABB rəhbərlərini ictimai dinləmələrə dəvət ediblər.