BAKI, 21 may - Sputnik. Ərəb-müsəlman dövlətləri son illər Rusiyaya münasibətini kökündən dəyişib, ona görə də Moskva, Kazan, Sankt-Peterburq və ölkənin digər şəhərlərində İslam dünyasından gələn turistlərin böyük qruplarını getdikcə daha çox görmək olur. Bunu RİA Novosti-yə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Qadın Biznes Şurasının üzvü Suriya Əl Avadhi Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi (DUM RF) nəzdində Qadınların Əməkdaşlıq Assosiasiyasının dəvəti ilə Rusiya Katedral Məscidini ziyarət edərkən bildirib.
“Ərəblər Rusiya ilə bağlı fikirlərini kökündən dəyişiblər, Rusiya ilə Şərq arasında güclü siyasi və iqtisadi əlaqələr, mədəniyyət sahəsindəki dəyişikliklər öz bəhrəsini verib. Əvvəllər Avropa və ya ABŞ-da istirahətə üstünlük verən ərəb turistlər indi Rusiyaya bilet alırlar. Səyahət seçimlərimizi dəyişdik. Rusiya sivil, təhlükəsiz ölkədir, burada ürəyi açıq insanlar yaşayır” - Suriya Əl Avadhi deyib.
İş adamı qeyd edib ki, Rusiyada şaxtalı hava ərəb turist üçün qeyri-adi görünə bilər.
“Son səfərimdə Kazanda oldum, indi Moskvadayam, əlbəttə ki, soyuqdur, amma bunun da öz üstünlükləri var. Dünya başqadır, ölkələr, hava, insanlar fərqlidir. Daha maraqlıdır" - Suriya Əl Avadhi bildirib.
O, əlavə edib ki, ikitərəfli turizmi inkişaf etdirmək üçün ölkələrin görməli yerləri haqqında Rusiya-Əmirlik birgə qısametrajlı filmlərin yaradılmasına diqqət yetirmək lazımdır.
“Türkiyə bir neçə televiziya serialı yaradıb və onlar bu ölkəyə turist axınının dəfələrlə artmasına töhfə verib. Mən bilirəm ki, rusiyalılar da, ərəb ölkələrinin sakinləri də türk seriallarına baxandan sonra ora gedirlər. Rusiya və BƏƏ-nin özləri haqqında maarifləndirici videolar çəkməsi faydalı olardı. Məsələn, Soçi haqqında - xurma ağaclarının böyüdüyü və bəzən onların qarın altnda qaldığı bir şəhər. Bu, sadəcə bir möcüzədir və çox cəlbedicidir” - Suriya Əl Avadhi fikrini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.