BAKI, 21 may - Sputnik. Yerüstü axtarış-xilasetmə xidməti Əfqanıstanda qəzaya uğramış, göyərtəsində altı nəfərin olduğu Falcon 10 təyyarəsini tapıb, lakin onlardan dördü sağdır, ikisinin taleyi müəyyənləşdirilir. Bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi - Rosaviasiya məlumat yayıb.
“Rusiyanın Əfqanıstandakı səfirliyindən verilən məlumata görə: Yerli axtarış-xilasetmə Falcon 10-u tapıb. Təyyarənin göyərtəsində olan 6 nəfərdən ilkin olaraq dördü sağdır (onların müxtəlif dərəcəli bədən xəsarətləri var), iki nəfərin taleyi aydınlaşdırılır” - deyə idarənin Telegram kanalı məlumat yayıb.
Daha əvəl bildirilib ki, Falcon 10B təyyarəsinin Əfqanıstanda qəzaya uğramasının ilkin səbəbi iki mühərrikin texniki nasazlığı olub.
Qeyd edək ki, Əfqanıstanda göyərtəsində Rusiya vətəndaşlarının olduğu təyyarənin qəzaya uğraması ilə bağlı cinayət işi açılıb.
"Rusiya Federasiyası İstintaq Komitəsinin Nəqliyyat üzrə Qərb Regionlararası İstintaq İdarəsinin Hava və Su Nəqliyyatı üzrə Moskva İstintaq İdarəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsinin 3-cü hissəsi ilə (ehtiyatsızlıqdan iki və ya daha çox insanın ölümünə səbəb olan yol hərəkəti və hava nəqliyyatının istismarı qaydalarını pozma) cinayət işi açılıb" - Rusiya İstintaq Komitəsinin məlumatında deyilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.