İQTİSADİYYAT

Azərbaycanda bir nəfər ayda nə qədər pul xərcləyib - CƏDVƏL

Ekspertlər deyirlər ki, ölkəmizdə adambaşına düşən xərclərin artmasının əsas səbəbi inflyasiyadır.
Sputnik
BAKI, 21 yanvar — Sputnik. Azərbaycanda adambaşına düşən orta aylıq xərc artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 484,2 manat pul xərcləyib. Bu göstərici 2022-ci illə müqayisədə 52,4 manat və ya 12,1 faiz çoxdur.
Pərakəndə ticarətdə 484,2 manat xərcin 270,9 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 213,3 manatı isə qeyri-ərzaq mallarının payına düşüb.
"Xərclərin artmasının əsas səbəbi inflyasiyadır"
Ekspertlər deyirlər ki, ölkəmizdə adambaşına düşən xərclərin artmasının əsas səbəbi inflyasiyadır. Keçən il ölkəmizdə inflyasiya yüksək olub. Ona görə də adambaşına düşən xərclər artıb. Eyni məhsulu almaq üçün daha çox vəsait sərf olunur.
Azərbaycanda ərzaq inflyasiyası azalır
Qeyd edək ki, keçən il Azərbaycanda orta illik ərzaq inflyasiyası 2022-ci illə müqayisədə 9,6 faiz artıb. Ötən il təkcə ərzağın qiyməti qalxmayıb, qeyri-ərzaq mallarının (8,4 faiz), ödənişli xidmətlərin qiymətləri (8,2 faiz) də bahalaşıb. Lakin ölkəmizdə ərzaq inflyasiyası azalır. Belə ki, 2022-ci ildə Azərbaycanda orta illik ərzaq inflyasiyası 19,5 faiz olubsa, keçən il bu rəqəm 9,6 faiz təşkil edib. Rəqəmlərdən də göründüyü kimi, ölkədə ərzaq inflyasiyası aşağı düşür.
Pərakəndə ticarət dövriyyəsi artır
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 59 milyard manatlıq, o cümlədən 33 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 26 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2022-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,5 faiz, qeyri-ərzaq malları üzrə 5,2 faiz artıb.
Ən çox ərzaqlara pul xərclənir
Keçən il alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,6 faizi ərzaq məhsullarının, 4,4 faizi içkilər və tütün məmulatlarının, 14,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,2 faizi avtomobil benzini və dizel yanacağının, 4,6 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,1 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,6 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Əhalinin dərman xərcləri azalır
Keçən il əhali əczaçılıq məhsulları və tibbi ləvazimatlara 1,3 milyard manat pul xərcləyib ki, bu da ondan əvvəlki illə müqayisədə 4,8 faiz azdır.
Qeyd edək ki, keçən il Azərbaycanda orta illik inflyasiya 8,8 faiz olub. 2022-ci ildə isə orta illik inflyasiya 13,9 faiz təşkil edib.
"İnflyasiya xarici və daxili amillərin təsirləri ilə azalıb"
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, inflyasiya xarici və daxili amillərin təsirləri ilə azalıb: "Xarici mənşəli inflyasiyanın səngiməsi əsasən qlobal iqtisadi aktivliyin azalması və əksər ölkələrdə həyata keçirilən sərt pul siyasəti nəticəsində baş verib. Qlobal əmtəə, xüsusilə də enerji və ərzaq qiymətlərində azalmanın davam etməsi ölkəyə inflyasiya idxalını azaldıb. Dünya Bankının məlumatına əsasən əmtəə qiymətləri indeksi noyabrda illik əsasda 18,3 faiz, o cümlədən enerji qiymətləri üzrə 23,9 faiz, qeyri-enerji qiymətləri üzrə 4,6 faiz enib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə isə ərzaq qiymətləri indeksi noyabrda illik əsasda 10,7 faiz azalıb. Hökumət və Mərkəzi Bank tərəfindən həyata keçirilən antiinflyasiya tədbirləri də inflyasiyanın azalmasına təsir göstərib".
"Ortamüddətli dövrdə inflyasiyanın xarici amilləri arasında artırıcı və azaldıcı amillər mövcuddur. Geosiyasi gərginlik dünya bazarında qiymətlərin yenidən artmasına səbəb ola bilər. Beynəlxalq təşkilatlar 2024-cü ilə enerji qiymətləri proqnozlarını yüksək saxlayıblar. Bu da enerji idxal edən tərəfdaş ölkələrdə inflyasiya templərinə artırıcı təsir göstərə bilər. Eyni zamanda beynəlxalq təşkilatlar iqlim dəyişiklikləri və aşağı məhsuldarlığın ortamüddətli dövrdə ərzaq qiymətlərinə artırıcı təsirlərini risk olaraq qeyd edirlər. Qlobal iqtisadi aktivliyin gözlənildiyindən daha aşağı olması və əksər iqtisadiyyatlarda monetar şəraitin sərt olaraq qalması isə qlobal inflyasiya proseslərinə azaldıcı təsir göstərə bilər" - Mərkəzi Bankın məlumatında deyilib.
Prezident: "İlin sonunadək inflyasiya birrəqəmli səviyyəyə düşə bilər"
Xatırladaq ki, iyulun 11-də Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib ki, inflyasiyanın ikirəqəmli olması bizi düşündürməlidir. Ümid edirəm ki, ilin sonuna qədər inflyasiya birrəqəmli səviyyəyə düşə bilər.
Burada təbii səbəblərlə yanaşı, subyektiv səbəblərin də olduğunu diqqətə çatdıran dövlətimizin başçısı deyib: "Onlar daha ciddi araşdırılmalıdır və ilin sonuna qədər atılacaq addımlarla bağlı təkliflər verilməlidir. Çünki Azərbaycanın bütövlükdə iqtisadi potensialı və iqtisadi sahədə əldə edilmiş nəticələr fonunda inflyasiyanın 12 faiz səviyyəsində olması, əlbəttə ki, arzuolunan deyil".
İşçi qrup yaradılıb
İyulun 15-də Baş nazir Əli Əsədov "İnflyasiya və qiymətlər üzrə monitorinqin gücləndirilməsi istiqamətində əlavə tədbirlər barədə" sərəncam imzalayıb. Sərəncama əsasən, ölkədə inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyəyə endirilməsinin təmin edilməsi, inflyasiya proseslərini və onun səbəblərini kəmiyyət və keyfiyyətcə qiymətləndirməyə imkan verən təhlil və monitorinq sisteminin daha da təkmilləşdirilməsi, eləcə də bu sahədə qurumlararası koordinasiyanın gücləndirilməsi məqsədilə İşçi qrup yaradılıb.
CƏMİYYƏT
Azərbaycanda hərbçilərin ərzaq pulu 210-220 manat civarında artırılacaq