BAKI, 20 yanvar — Sputnik. Qazaxda qızılcadan dünyasını dəyişən yeniyetmə qızılcaya qarşı vaksin olunub. Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Qazax rayon Hüseynbəyli tibb məntəqəsinin tibb bacısı Esmira Quluyeva söyləyib. O, bildirib ki, 12 yaşlı Şabanzadə Nəzrin Fərrux qızı 1 və 6 yaşlarında qızılcaya qarşı peyvənd olunub:
"Əvvəlcə ailədə Nəzrinin balaca qardaşı yoluxmuşdu. Sonra valideyni bildirdi ki, Nəzrinin də bədənində səpgilər var. Qızılcanı çox yaxşı çıxardırdı, temperaturu yox idi. Ona görə də müalicə təyin olunmamışdı. Qəfil temperaturu qalxdı. Bundan sonra uşağı Qazax Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə xəstəxanasına apardılar. Amma müalicə heç bir nəticə vermədi".
Esmira Quluyeva onu da bildirib ki, valideyn övladını yuyundurduqdan sonra uşağın səhhəti daha da ağırlaşıb.
Qızılcadan həyatını itirmiş Nəzrinin atası Fərrux Şabanov isə Sputnik Azərbaycan-a bildirib ki, o işi ilə əlaqədar Rusiyada olduğundan, Nəzrinin temperaturu qalxanda onu xəstəxanaya həyat yoldaşı aparıb.
"Əvvəl balaca oğlum yoluxmuşdu. O sağalan kimi Nəzrin yoluxub. Qəfil temperaturu qalxıb. Xəstəxanaya aparsalar da, həkimlər Nəzrini sağalda bilməyiblər. Sonra həkimlər uşağı Bakıya aparmağı məsləhət görüblər. Nəzrin Bakı yolunda həyatını itirib".
Qeyd edək ki, qızılcadan ölüm hadisəsi Qazax rayonun Hüseyinbəyli kəndindən qeydə alınıb. Kənd sakini Şabanzadə Nəzrin Fərrux qızı qızılca xəstəliyi ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə xəstəxanasına aparılıb. Yeniyetmə qızın vəziyyətinin ağır olduğunu görən ailə övladını Bakıya aparmaq qərarına gəlib. Bu zaman Şabanzadə Nəzrin yolda dünyasını dəyişir. Bildirilib ki, Nəzrinin 10 yaşlı qardaşı da ondan öncə xəstəliyə yoluxmuşdu.
İnfeksionist Vüqar Cavadzadə Sputnik Azərbaycan-a bildirib ki, qızılcaya qarşı peyvənd olunmuş uşaqların təkrar bu infeksiyaya yoluxması mümkündür.
"Qızılcaya qarşı vaksin 8-10 ildən sonra öz təsirini itirə bilir. Ona görə də qızılcaya qarşı peyvənd olunmuş şəxs yenidən yoluxa bilər. Təbii ki, burada vaksinin keyfiyyət məsələsi də var. Milli peyvənd təqviminə əsasən qızılcaya qarşı vaksin 1-6 yaşda vurulur. Amma uşaq və yaxud böyüklər peyvənd olunmayıblarsa, bir ay içərisində iki dəfə dörd həftə fasilə ilə peyvənd oluna bilərlər".
İnfeksionist bildirib ki, qızılcadan ağırlaşma mininqoensefalit və pnemoniya ilə müşahidə oluna bilər. O, əksər hallarda mininqoensefalit nəticəsində ölüm hallarının baş verdiyini bildirib.
Vüqar Cavadzadə onu da bildirib ki, qızılcaya yoluxma dövründə uşağın cimizdirilməsi düzgün deyil: "Üç- dörd gün uşaqda qızılcaya yoluxma dövrü başlayır. Daha dörd gün isə səpgilər müşahidə olunur. Bundan sonra piqmentasiya, yəni ləkələrin tədricən sovrulması prosesi gedir. Valideynlərə məsləhət görürəm ki, hətta ləkələrin getdiyi dövrdə də uşaqları çimizdirməsinlər. Uşaq yenidən soyuqlayarsa, ikincili infeksiya ona qoşularaq xəstəliyin gedişatını daha da ağırlaşa bilər".
Qeyd edək ki, Azərbaycanda son illər yoluxucu xəstəliklərə qarşı aparılan profilaktik tədbirlər nəticəsində qızılca xəstəliyi üzrə sabit epidemioloji vəziyyət müşahidə olunsa da, 2023-cü ilin aprel ayından başlayaraq əhali arasında bu xəstəliyin sporadik yayılma halları qeydə alınıb. Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, yoluxma əsasən uşaqlar arasında müşahidə olunub. Əgər 2022-ci ildə ölkə ərazisində 1 nəfərdə qızılcaya yoluxma halı qeydə alınmışdısa, 2023-cü ilin yanvar-noyabr aylarında 1493 nəfər bu xəstəliyə yoluxub. Ölüm hallarının statistikası isə açıqlanmır. Amma bu günədək qızılcadan uşaqlar arasında onlarla ölüm hadisəsi qeydə alınıb.
Onu da əlavə edək ki, dünən Milli Məclisin Səhiyyə komitəsinin dünən keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov qızılcaya yoluxma ilə bağlı məsələyə diqqət çəkib. Bildirib ki, epidemioloji vəziyyət bizim ölkəmizdə də sabit deyil. Ölkəmizdə bir çox yoluxucu xəstəliklər baş qaldırır. O qeyd edib ki, COVİD artıq təhlükəli xəstəlik deyil:
"Bəzən onu ayaqüstü keçiririk, heç bilmirik. İndi ölkəmizdə qızılca ilə bağlı vəziyyət yaxşı deyil. Uşaqlarla yanaşı, yaşlılar, 30-40 yaşlı insanların qızılcaya yoluxması halları var. Yoluxucu xəstəliklər gərək daim nəzarətdə olsun. Bu səhiyyənin elə sahəsidir ki, bura nəzarət bir qədər azalan kimi orada alovlanma başlayacaq. Hər hansı yoluxucu xəstəliyin ölkədə silinməsi, getməsi onun tamamilə yox olması demək deyil. O, hər zaman geri qayıda bilər. Ona görə bu sahədə çalışan mütəxəssislərimiz çox ciddi işlər görməlidirlər".
Məlumat üçün bildirək ki, ölkəmizdə qızılcaya yoluxma alovlandığından Səhiyyə Nazirliyi tərəfindən əhalinin sağlamlığının qorunması və yoluxmaların qarşısının alınması məqsədilə, vaxtında qızılcaya qarşı vaksinasiyadan kənarda qalan 11- 40 yaşlı əhali arasında vaksinasiya tədbirlərinin aparılması üçün müvafiq vaksin preparatları ölkəyə idxal edilib. Hazırda immunizasiya tədbirləri aparılır.