BAKI, 20 yanvar — Sputnik. Bakı şəhəri, Binəqədi rayonunda yerləşən mebel sexində yanvarın 15-də baş verən partlayış-yanğında ölənlərin sayı artıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, hadisə zamanı xəsarət alan 1996-cı il təvəllüdlü Rüstəmov Adil Aydın oğlu göstərilən tibbi yardımlara baxmayaraq yanvarın 20-də müalicə aldığı xəstəxanada ölüb.
Bununla da hadisə nəticəsində həyatını itirənlərin sayı 10-na çatıb.
Hazırda zəruri tibbi yardımlar göstərilməklə yaralanan digər şəxslərin müalicəsi davam etdirilir.
Qeyd edək ki, yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində 10 nəfərin ölümü, 23 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən partlayışla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
19.01.24
Bakıda partlayış baş verən mebel sexində "Azəriqaz" İstehsalat Birliyi tərəfindən qazlaşdırma həyata keçirilməyib. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün media və QHT nümayəndələri üçün keçirilən "Açıq qapı" aksiyası zamanı partlayışın təbii qazdan olması ilə bağlı iddialara münasibət bildirərkən deyib.
"Biz dəfələrlə demişik ki, təbii qaz ərazi mebel sexinə deyil, onun aid olduğu ofisə verilib. Orada isə heç bir yanğın baş verməyib. Hələ indiyə qədər heç bir dövlət qurumunun, hətta ilkin açıqlamasında belə partlayışın qazdan baş verməsinə dair heç bir açıqlama olmayıb. Biz mütəxəssis olmadığımız üçün o cür partlayışın qazdan olub-olmaması sualına cavab verə bilməyəcəyik. Ancaq bizim əməkdaşlar, müstəqil və tərəfsiz qurum olan "Təmiz qaz"ın əməkdaşı, Fövqəladə Hallar Nazirliyinin və Baş Prokurorluğun nümayəndələri orada bir neçə gün istintaq tədbirləri həyata keçirdilər" - E.Vəliyev bildirib.
Xatırladaq ki, yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsinin yaxınlığında yerləşən mebel sexində partlayış-yanğın olub. Nəticədə 9 nəfər ölüb, 24 nəfər xəsarət alıb. Partlayışla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Mebel sexindəki partlayışda xəsarət alan 9 nəfərin vəziyyəti ağır olaraq qalır
Yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsinin yaxınlığındakı sexdə partlayışla əlaqədar TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 10 nəfərin müalicəsi davam etdirilir.
Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna cavabda TƏBİB-dən bildirilib ki, hazırda Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində müalicə alan 9 nəfərdən 3-nün vəziyyəti ağır stabil, 6 nəfərin vəziyyəti isə orta ağır olaraq qalır.
Kliniki Tibbi Mərkəzin müvafiq şöbələrində isə 1 nəfərin müalicəsi davam etdirilir. 2 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Xatırladaq ki, yanvar ayının 15-də Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsinin yaxınlığındakı sexdə baş verən partlayışda 9 nəfər həyatını itirib. Xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb. Bundan əvvəl isə "Respublika Perinatal Mərkəzi" PHŞ-nin inzibati binasında baş verən yanğın 4 körpənin həyatına son qoymuşdu.
17.01.2024
Sexdəki partlayış nəticəsində ölənlərin şəxsiyyəti müəyyənləşib - SİYAHI
Yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində baş vermiş partlayışla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsi tərəfindən istintaq aparılır.
Hadisə nəticəsində 24 nəfər müxtəlif dərəcəli bədən xəsarətlərı alaraq tibbi yardım üçün müraciət edib, onlardan 3 nəfər FHN-in əməkdaşları tərəfindən ərazidə aparılan axtarış-xilasetmə işləri zamanı dağıntılar altından sağ çıxarılıb.
Bundan başqa, hadisə nəticəsində ölən 9 nəfərin meyiti xilasedicilər tərəfindən dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib və keçirilən ekspertiza və tibbi müayinələrlə onların şəxsiyyəti müəyyən edilib:
1. Abbasova Solmaz Paşabəy qızı (1983)
2. Atakişiyev Aydın Mirzəmahmud oğlu (1964)
3. Cəfərov Zaur Qulu oğlu (1980)
4. Dadaşova Ülviyyə Hümbət qızı (1969)
5. Məmmədov Elvin Qəfər oğlu (1993)
6. Məmmədov İlqar Habil oğlu (1964)
7. Qubadov Fərid Hüseyn oğlu (1983)
8. Quliyeva Əsmayə Cümşüd qızı (1977)
9. Yusubov Saraj Oruc oğlu (1985, Gürcüstan Respublikası vətəndaşı)
Bildiririk ki, dağıntılar altında qalan insanın olmadığı nəzərə alınaraq, axtarış-xilasetmə işləri yekunlaşdırılıb.
Partlayışın səbəbinin, dəymiş ziyanın həcminin, həmçinin, iş üzrə əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir, nəticəsi barədə ictimaiyyətin məlumatlandırılması təmin ediləcəkdir.
Hadisədən təəssüflənərək vəfat edənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq.
***
Yanvar ayının 15-də Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsinin yaxınlığında sexdə partlayışla əlaqədar TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 13 nəfərin müalicəsi davam etdirilir. Bu barədə TƏBİB-dən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib.
Məlumata görə, hazırda Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində müalicə alan 9 nəfərdən 3-nün vəziyyəti ağır-stabil, 6 nəfərin vəziyyəti isə orta ağır olaraq qalır. 3 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Kliniki Tibbi Mərkəzin müvafiq şöbələrində isə 4 nəfərin müalicəsi davam etdirilir. Onlardan 1-nin vəziyyəti ağır stabil, digərlərinin vəziyyəti orta ağır qiymətləndirilir. Qeyd edək ki, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 9 nəfərin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
***
Bəzi media səhifələrində paytaxtın Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində baş vermiş partlayış nəticəsində guya 16 nəfər şəxsin ölməsi barədə əsassız və həqiqətə uyğun olmayan məlumatlar dərc edilmişdir.
Baş Prokurorluq bir daha hər kəsi ictimaiyyətdə çaşqınlıq yarada biləcək bu növ təhrif olunmuş məlumatları yaymaqdan çəkinməyə çağırır.
Bildiririk ki, axtarış-xilasetmə tədbirləri nəticəsində xilasedicilər tərəfindən 9 nəfərin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Baş Prokurorluğun Mətbuat xidməti sosial şəbəkə və media səhifələrində yayılmış həmin məlumatları təkzib edərək rəsmi qurumla dəqiqləşdirilməmiş yalan və qərəzli məlumatları yaymamağı, bu qəbildən olan məlumatları paylaşan media nümayəndələri barəsində ciddi tədbirlər görüləcəyini diqqətə çatdırır.
***
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar axtarış-xilasetmə əməliyyatı nəticəsində dağıntılar altından daha bir şəxsin meyiti tapılıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 9 nəfərin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
***
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar dağıntılar altından daha bir nəfərin meyiti tapılıb.
Sputnik Azərbaycan xəbər verir bu barədə FHN-nin Mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 8 nəfərin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
***
Ötən gün Bakıda sexdə baş verən partlayış-yanğınla əlaqədar TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 16 nəfərin müalicəsi davam etdirilir.
TƏBİB-in yaydığı məlumata görə, hazırda Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində müalicə alan 12 nəfərdən 3-nün vəziyyəti ağır stabil, digərlərinin vəziyyəti isə orta ağır olaraq qalır.
Qeyd olunub ki, Kliniki Tibbi Mərkəzin müvafiq şöbələrində isə 4 nəfərin müalicəsi davam etdirilir: "Onlardan birinin vəziyyəti ağır stabil, digərlərinin vəziyyəti orta ağır qiymətləndirilir".
Xatırladaq ki, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 7 nəfərin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
15.01.24, 14:49
Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş yanğın-partlayış hadisəsinin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Xilasedicilər tərəfindən dağıntı altından üç nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib, sexdə olan və yaxınlıqdakı vətəndaşların təxliyəsi həyata keçirilib.
Hazırda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təlim keçmiş itləri cəlb olunmaqla axtarış-xilasetmə əməliyyatı davam etdirilir. Əlavə məlumat veriləcək.
***
Bakıda sexdəki partlayış-yanğında 24 nəfər xəsarət alıb. Bu barədə Sputnik Azərbaycan-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsinin yaxınlığında sexdə partlayışla əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin 19 təcili yardım briqadası hadisə yerinə cəlb olunub. Xəsarət alanlardan 1 nəfərə yerində ilk tibbi yardım göstərilib. 23 nəfər isə tibb müəssisələrinə hospitalizasiya olunub.
Baş verən yanğın hadisəsində xəsarət alan 10 nəfər Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Xəstələr müştərək politravma, bədənin çoxsaylı yanıqları və sınıqları diaqnozları ilə xəstəxanaya yerləşdirilib. 14 nəfər isə müxtəlif yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunub. Hazırda xəsarət alanların hər birinə zəruri tibbi xidmətin göstərilməsi davam etdirilir.
Qeyd edək ki, bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən sexdə partlayış-yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdəki yanğını məhdudlaşdırıb. Bakıda sexdəki partlayış-yanğınla bağlı əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin itləri cəlb olunub. Hazırda fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.