BAKI, 20 yanvar - Sputnik. Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 34 il keçir.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib.
Nəticədə Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb.
Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi.
1994-cü il martın 29-da 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib.
O vaxtdan 20 yanvar Azərbaycanda hər il Ümumxalq hüzn günü kimi qeyd olunur. Hər il yanvarın 20-də rəsmi şəxslər, sıravi vətəndaşlar Şəhidlər xiyabanında 20 Yanvar faciəsi qurbanlarını ziyarət edirlər.
Dünya ictimaiyyətinin diqqətini Yanvar faciəsinə yönəltmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, Azərbaycan icmaları tərəfindən də müvafiq tədbirlər həyata keçirilir.
20 yanvar - Ümumxalq Hüzn Günündə Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək. Qanlı yanvar tarixinin ildönümü ilə əlaqədar metropolitendə gün ərzində xüsusi tədbirlər planı həyata keçiriləcək.
Bu məqsədlə yanvar ayının əvvəlindən "20 Yanvar" stansiyasının vestibüllərinə, platformasına və digər xidməti sahələrinə baxış keçirilib, zəruri tədbirlərin təşkili üçün tapşırıqlar verilərək, müvafiq işlər görülüb.
Ənənəyə uyğun olaraq, "20 Yanvar" stansiyasının sütunlarına və şəhidlərin adlarının həkk olunduğu lövhələrin yerləşdiyi vestibül sahələrində divarlara qərənfil tərtibatlı çələnglər asılacaq.
Stansiya platformasında qərənfillərdən xüsusi bədii tərtibatlı çələng qoyulacaq. Məhz platformada qoyulmuş çələngin ətrafında "Bakı Metropoliteni" QSC-nin rəhbərliyinin də daxil olduğu kollektivin üzvləri ictimaiyyətin nümayəndələri və stansiyaya gələn sərnişinlərlə birlikdə şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad edəcəklər.
Qeyd edək ki, ölkəmizdə şəhidlərimizin xatirəsinə birdəqiqəlik sükut mərasimi saat 12:00-da keçiriləcək. Həmin vaxt üçün əvvəlcədən xüsusi işlənmiş plan əsasında bütün qatarlar stansiyalara çıxarılacaq. Qatarlardan 1 dəqiqə ərzində fasiləsiz fit veriləcək.
Formalaşmış ənənəyə əsasən, şəhidlərimizin xatirəsinə xüsusi ehtiram əlaməti kimi günün birinci yarısında "20 Yanvar" stansiyasının platfromasında metropoliten işçilərindən ibarət qarovul dəstəsi düzüləcək.
Gün ərzində bütün stansiyalarda günün ruhuna uyğun musiqilər və marşlar mərkəzləşmiş radio şəbəkəsi vasitəsilə yayımlanacaq. Qatarlarda stansiyaların elanı radioinformatorla deyil, maşinistlər tərəfindən radiorabitə vasitəsilə səsləndiriləcək.
Qanlı Yanvar hadisəsinin ildönümündə Bakı metropoliteninin "20 Yanvar", eləcə də Şəhidlər xiyabanını ziyarət edənlərin daha çox istifadə etdiyi "İçərişəhər" və "Elmlər Akademiyası" stansiyalarında gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Qeyri-iş günü olsa da, ehtiyat qatarlar xüsusi qaydada nəzərdə tutulacaq və zərurət yaranacağı təqdirdə onların xəttə verilməsi təmin ediləcək.
Metropolitenin çoxminlik kollektivinin nümayəndələri gün ərzində şəhidlərimizin əbədi xatirəsinə ehtiramını ifadə edərək, Şəhidlər xiyabanını ziyarət edəcək. Onu da əlavə edək ki, 20 Yanvar faciəsinin qurbanları arasında iki metropolitençi - İlqar Qarayev və Əflatun Kazımov da var.
20 Yanvar günü ilə bağlı paytaxtda bəzi yollar bağlanacaq - SİYAHI
20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətlər dəyişdiriləcək.
Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, yanvarın 20-də səhər saat 08:00-dan mərasim qurtaranadək Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.
Hərəkətin məhdudlaşdırılması 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.
Bununla əlaqədar olaraq, Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti – Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.
Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur.