SƏHİYYƏ

Səhiyyə Nazirliyinin mütəxəssisi uşaqları infeksiyalardan qorumağın yollarını açıqladı

Pediatrı Günel Əliyeva bildirib ki, respirator virus infeksiyalarının profilaktikası üçün vitamin və minerallarla zəngin qidalardan istifadə etmək önəmlidir.
Sputnik
BAKI, 19 yan — Sputnik. Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Günel Əliyeva virus infeksiyalarından qorunmağın yollarından danışıb. Sputnik Azərbaycan Səhiyyə Nazirliyinə istinadən həmin müsahibəni təqdim edir:
- Günel xanım, ilk öncə kəskin respirator virus infeksiyaları haqqında məlumat verərdiniz…
- Kəskin respirator virus infeksiyaları (KRVİ) – kəskin yoluxucu virus xəstəliklərini özündə birləşdirir. KRVİ infeksion toksikozun ümumi əlamətləri və əsasən tənəffüs yollarının selikli qişasının zədələnməsi ilə xarakterizə olunur. Bu qrup xəstəliklərə qrip, paraqrip, adenovirus, respirator sinistial, rinovirus və reovirus infeksiyaları aiddir. Bununla yanaşı, hava-damcı infeksiyalarına meninqokok, göy öskürək, məxmərək, epidemik parotit, suçiçəyi aiddir.
KRVİ əsasən uşaqlarda müşahidə olunur. İlk 3 ayında olan uşaqlar anadan aldıqları passiv immunitetin nəticəsində nadir hallarda xəstələnirlər. Çünki adətən təcrid şəraitində olurlar və onlarda anadan keçən immunoqlobulinlərin hesabına passiv immunitet saxlanılır. Anadangəlmə immunitet zəif olduqda, bu uşaqlar da xəstələnə bilərlər.
Təkrar xəstələnmə halları uşağın inkşafına təsir edə bilər. Bu, uşaq orqanizminin immun sisteminin zəifləməsinə, xroniki infeksiya ocaqlarının formalaşmasına səbəb olur.
- KRVİ xəstəliyinin əlamətləri hansılardır?
- Kəskin respirator virus infeksiyaları zamanı hərarətin yüksəlməsi, əzginlik, halsızlıq, əzələ və oynaq ağrıları, başgicəllənmə, iştahsızlıq, yuxu pozğunluğu, ürək bulanma, qusma, kataral əlamətlər, boğaz ağrısı, burun tutqunluğu və burun qanaxması, huşun qısamüddətli itməsi, meningial əlamətlər, ənsə əzələlərinin gərginliyi, sklera damarlarının həssaslığı kimi simptomlar müşahidə oluna bilər. Eyni zamanda, yumşaq damaqda kiçik papulyoz enantema, qansızmalar, damaq badamcıqlarında ödəm ola bilər. İntoksikasiya, petexial səpgilər, tərləmə, qarında ağrı və ishal KRVİ-nin əlamətlərinə aiddir.
- Kəskin respirator virus infeksiyaları necə müalicə edilir?
- Xəstəliyin müalicəsi ağırlıq dərəcəsindən asılıdır. Profilaktika məqsədilə xəstələnən şəxslərlə təmas mümkün qədər məhdudlaşdırılır.
Tərkibində vitamin və minerallarla zəngin qidalardan olduqca çox istifadə etmək önəmlidir. Otağın havası tez-tez dəyişdirilməlidir. Əllər antibakterial sabunla tez-tez yuyulmalıdır. İnfeksiyanın yayılmasının qarşısını almaq üçün asqırma və öskürmə zamanı burun və ağız boşluğu birdəfəlik dəsmalla qapanmalıdır. Çox insanlar olan yerdən mümkün qədər uzaq olmaq lazımdır. Çirkli əllərlə göz, burun və ağız boşluğuna toxunmaq olmaz.
Sağlam həyat tərzi keçirmək lazımdır. Normal yuxu saatı təxmini 8-10 saat olmalıdır. Günün çox hissəsini təmiz havada olmaq vacibdir. Vaxtaşırı aktiv dincəlmək lazımdır.
- Doktor, istərdik ki, qızılca xəstəlyi haqqında da ümumi məlumat verərdiniz...
- Qızılca virusu bütün bədəndə əsasən səpgilərlə müşahidə olunan, respirator simptomlarla keçən yoluxucu infeksion xəstəlikdir. Yüksək hərarət və halsızlıqla özünü göstərən qızılca, infeksiyaya yoluxan xəstələrin öskürməsi, asqırması və danışması əsnasında hava-damcı yolu ilə yayılır.
Qızılca əlamətləri virusa yoluxduqdan sonra 8-12 gün arası meydana çıxır. Xəstəlik ictimai yerlərdə, hətta yoluxmuş insanla təmasda olmadığı təqdirdə də ötürülə bilər.
Bu virus xüsusilə qış və yaz aylarında müşahidə olunur. Yoluxma bütün yaşlarda baş verə bilər. Bununla belə, 1-8 yaş ən həssas qrup hesab edilir.
- Qızılcanın əsas kliniki əlamətləri hansılardır?
- Burun axıntısı, yüksək hərarət, halsızlıq, konyuktivit, quru öskürək, boğaz ağrısı, ağız içində kiçik ölçüdə ağ ləkələr ("Belski-Filatov-Koplik ləkələri") və bütün bədəndə səpgilər şəklində özünü göstərir.
Xəstəliyin orta inkubasion dövrü 10-14 gündür. Bununla belə, 7-23 gün arası dəyişə bilər. Xəstə ilə təmasdan qızdırmanın başladığı günə qədər olan dövrü əhatə edir. 2-4 günlük prodromal dövr (xəstəliyin inkubasiya dövrü ilə xəstəlik arasında baş verən dövrü) qızdırma, səpgilər, kataral əlamətlər, öskürək, konyuktivit əlamətləri, "Belski-Filatov-Koplik ləkələri" ilə təzahür edir.
Prodromal əlamətlərin başlanmasından 2-4 gün sonra mərhələli eritematoz makulopapulyar səpgilər əmələ gəlməyə başlayır. Səpgilər əvvəlcə üz nahiyyəsində əmələ gəlir, daha sonra isə mərhələli şəkildə gövdədə aşağı ətraflara yayılır. 4-7 gün müddətində davam edən səpgilər itdikdən sonra müvafiq nahiyyələrdə qabıqlanma müşahidə edilir.
- Qızılca orqanizmdə hansı fəsadları yarada bilər?
- Kiçik yaşlı uşaqlar arasında qızılca ilə yoluxma daha çox peyvənd olunmayanlarda müşahidə olunur. Bu zaman onlarda pnevmoniya, otit, ensefalit, larinqotraxeobranxit, ishal və stomatit kimi ağırlaşmalar müşahidə oluna bilər. Əgər uşaqlarda qızılcanın ağır halları, xüsusən də ensefalit, meningit, sətəlcəm kimi ağırlaşmalar inkişaf edirsə, o zaman bu uşaqları xəstəxanaya yerləşdirmək lazımdır.
Qızılcanın xüsusi müalicəsi yoxdur, sadəcə immuniteti gücləndirən müalicə aparılır. Əgər sağlam insan qızılca xəstəsi ilə təmasda olubsa, o zaman ona 72 saat ərzində peyvənd vurulması tövsiyə olunur.
- Qızılcadan necə qorunmaq olar?
- Bu xəstəlikdən qorunmağın ən effektiv yolu peyvəndlənmədi. Qeyd edim ki, Azərbaycanda tətbiq olunan və Səhiyyə Nazirliyi tərəfindən ölkəmizə gətirilən 3 komponentli "QPM" vaksini qızılca ilə yanaşı, parotit və məxmərək kimi virus mənşəli xəstəliklərə qarşı olan bir peyvənddir.
Uşaqların sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə ölkədə qüvvədə olan "Profilaktik peyvəndlər təqvimi"nə əsasən 1 və 6 yaşlarında olan bütün uşaqlar 2 dəfə qızılca, epidemik parotit və məxmərək infeksiyalarına qarşı vaksinasiya olunmalıdırlar.
Peyvəndin 1-ci dozasını vaxtında almayan uşaqlar tez bir zamanda vaksinasiya olunmalı, 6 yaşına çatdıqda isə peyvəndin 2-ci dozasını almalıdırlar.
Hər hansı səbəbdən peyvəndin 2-ci dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar tez bir zamanda peyvəndin 2-ci dozasını almalıdırlar.
Peyvəndin hər iki dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar minimum 4 həftə intervalla peyvəndin 1-ci və 2-ci dozasını almalıdırlar.
11-40 yaşlı əhali qruplarına aid olan şəxslərə isə qızılcadan qorunmaq üçün 1 doz vaksin olunması kifayətdir.
Valideynlərin nəzərinə çatdırım ki, əgər övladlarınız peyvənd olunmayıbsa, onları riskə atmamaq üçün Səhiyyə Nazirliyinin tətbiq etdiyi peyvənd təqviminə uyğun olaraq mütləq peyvənd etdirin.