BAKI, 19 yanvar — Sputnik. Ermənistan hakimiyyət orqanları Aravus kəndi yaxınlığında qoyunların Azərbaycan tərəfinə keçməsi şəraitini öyrənir. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sputnik Ermənistan-a məlumat verilib.
"Heç bir insident, atəşkəs rejiminin pozulması, pozuculuq cəhdi olmayıb. Qoyunların Azərbaycan tərəfə keçməsinin şəraiti isə rəsmi orqanlar tərəfindən öyrənilir" - məlumatda deyilir.
Sünik vilayətinin Dığ bələdiyyəsinə bağlı Aravus kəndində 230-a yaxın qoyunun Azərbaycan tərəfə keçdiyi iddia edilir. Bunu Dığ bölgə icmasının rəhbəri Davit Qulunts bildirib.
“300-ə yaxın qoyunun 230-a yaxını yoxa çıxıb. Sərhəddən Azərbaycana tərəfə keçdikləri güman olunur. Sərhəddə polis də var, hərbi postlar da. Lakin onların necə yoxa çıxdıqları məlum deyil, heç kim görməyib” – icma rəhbəri deyib.