HƏRBİ

Azərbaycan və Qazaxıstan hərbçiləri birgə taktiki təlim keçirəcək

Hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) dəniz piyadaları və xüsusi təyinatlılarının iştirakı ilə "Birləşik-2024" taktiki təlimi keçiriləcək.
Sputnik
BAKI, 19 yanvar — Sputnik. Azərbaycan Müdafiə Nazirliyi ilə Qazaxıstan Müdafiə Nazirliyi arasında imzalanmış birgə fəaliyyət planına əsasən, hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) dəniz piyadaları və xüsusi təyinatlılarının iştirakı ilə "Birləşik-2024" taktiki təlimi keçiriləcək.
Bu barədə nazirlikdən məlumat verilib.
Təlimə hazırlıq çərçivəsində ölkəmizdə səfərdə olan qazaxıstanlı hərbi qulluqçular Azərbaycan HDQ-nin dəniz piyadaları və xüsusi təyinatlıları ilə birgə şərti terror qruplaşmaları tərəfindən zəbt edilmiş adanın azad edilməsi, dənizdə təhlükəsizlik əməliyyatları və infrastrukturun mühafizəsi, eləcə də digər tapşırıqları məşq edəcəklər.
Qeyd edək ki, cari ilin iyul ayında Qazaxıstan Respublikasında keçiriləcək taktiki təlimdə əsas diqqət qüvvələrin qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldiləcək.