Qarabağın dirçəlişi və reinteqrasiyası

Azad olunmuş ərazilərdə poliqonlar yaradılacaq

Agentliyin sədri Mirsalam Qəmbərov qeyd edib ki, azad olunmuş ərazilərdə ən böyük poliqon Ağdam şəhərində yaradılacaq.
Sputnik
BAKI, 19 yanvar — Sputnik. Şuşa, Xocalı, Ağdam, Füzuli, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl və Tərtər rayonlarında məişət tullantıları poliqonlarının inşası nəzərdə tutulur.
Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə tullantıların idarə edilməsi ilə əlaqədar keçirilən ictimai dinləmədə məlumat verilib.
Agentliyin sədri Mirsalam Qəmbərov qeyd edib ki, azad olunmuş ərazilərdə ən böyük poliqon Ağdam şəhərində yaradılacaq: "Ümumilikdə, 7 tullantı poliqonunun və 2 ötürücü məntəqənin inşası nəzərdə tutulur. Ağdam tullantı poliqonu 15 ha, Şuşa (Xocalı), Laçın və Kəlbəcər poliqonları hər biri 10 ha, Qubadlı, Cəbrayıl, Tərtər və Füzuli poliqonları isə hər biri 5 ha ərazidə inşa ediləcək. Zəngilanda isə 10 ha ərazidə ötürücü məntəqənin inşası nəzərdə tutulur".
M.Qəmbərov qeyd edib ki, tullantı özü də dünyada biznes nümunəsi kimi dəyərləndirilir: "Ona görə tullantıların təkrar emalı, xammal kimi istifadəyə hazırlanması vacibdir. Azad edilmiş ərazilərdə tullantıların idarəsinə də eyni prinsiplə yanaşmaq vacibdir".