CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

20 Yanvar günü paytaxtda bəzi yollar bağlanacaq, avtobusların istiqaməti dəyişəcək

Hərəkətin məhdudlaşdırılması 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.
Sputnik
BAKI, 19 yanvar — Sputnik. Bakıda bir neçə xətt üzrə avtobusların hərəkət istiqaməti dəyişəcək. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Xəbərdə bildirilir ki, Ümumxalq Hüzn Günü ilə əlaqədar yanvarın 20-də Parlament prospekti ilə kəsişən və birləşən küçələrdə avtomobillərin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 3, 6, 10, 18, 31, 37, 39, 53, 77, 96 və 205 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.
***
20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətlər dəyişdiriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, yanvarın 20-də səhər saat 08:00-dan mərasim qurtaranadək Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.
Hərəkətin məhdudlaşdırılması 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.
Bununla əlaqədar olaraq, Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti – Şəhidlər Xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.
Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur.